Bakı. Trend:
Qazaxıstanda iyulun 25-də Almatı vilayətində radarlardan itən EC-145 tipli hərbi helikopterin axtarışları artıq 11 gündür davam edir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə işlərinə 330-dan çox şəxsi heyət, 59 texnika, 23 üzən vasitə, 12 pilotsuz uçuş aparatı, exolot və georadar avadanlıqları, həmçinin aviasiya və kinoloji bölmələr cəlb olunub.
Müdafiə Nazirliyi qeyd edir ki, axtarışlara Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, eləcə də digər dövlət qurumlarının əməkdaşları da qoşulub. Çətin şəraitə – suyun dibində dərin lillənmə, sıfır görünüş və dəyişkən hava şəraitinə baxmayaraq, işlər fasiləsiz şəkildə aparılır.
İtkin düşən helikopterin ekipaj üzvlərinin taleyi və hadisənin səbəbləri müəyyən olunana qədər axtarış tədbirləri davam etdiriləcək.