Bakı. Trend
Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək perspektivləri, həmçinin regional və qlobal proseslər müzakirə olunub.
Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağında davam edən ağır humanitar böhrana xüsusi diqqət yetirilib.
Prezident Ərdoğan Böyük Britaniyanın baş nazirinin diqqətini Türkiyədən Fələstin ərazilərinə humanitar yardımın çatdırılması məsələsinə və Ankaranın bölgədə atəşkəsin təmin olunması istiqamətində apardığı vasitəçilik səylərinə yönəldib.
Türkiyə lideri həmçinin Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında ədalətli və davamlı şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.