Bakı. Trend:
Böyük Britaniya hökuməti ölkəyə La-Manş boğazı vasitəsilə qanunsuz şəkildə daxil olan miqrantlara qarşı mübarizəni gücləndirmək məqsədilə 100 milyon funt sterlinq (130 milyon dollardan çox) vəsait ayıracaq.
Trend-in BBC-yə istinadla verdiyi məlumata görə, bu vəsaitin bir hissəsi əlavə 300 əməkdaşın işə götürülməsinə, digər hissəsi isə texniki avadanlıqların alınmasına yönəldiləcək.
Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bildirib ki, bu addım ölkəyə qaçaqmalçılıqla məşğul olan dəstələri izləmək və onların qarşısını almaq üçün daha effektiv mübarizə aparmağa imkan verəcək.
Bununla belə, Mühafizəkarlar Partiyası bu təşəbbüsü tənqid edərək, onu “əslində heç nəyi dəyişməyəcək, sadəcə başlıqlara çıxmaq üçün atılan ümidsiz addım” adlandırıb.
Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yeddi ayı ərzində 25 mindən çox qeyri-qanuni miqrant kiçik qayıqlarla La-Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya daxil olub.
Xatırladaq ki, keçən ay Böyük Britaniya və Fransa arasında “bir nəfər gəlib – bir nəfər gedir” adlı pilot proqramla bağlı razılaşma əldə olunub. Proqrama əsasən, Böyük Britaniya qeyri-qanuni gələnlərin bir hissəsini Fransaya qaytaracaq, bunun müqabilində isə təhlükəsizlik yoxlamalarından keçmiş bərabər sayda sığınacaq axtaran şəxsi qəbul edəcək.