Bakı. Trend:
Ermənistanın İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının həbs olunmuş lideri - arxiyepiskop Baqrat və onun 17 tərəfdarına qarşı ilkin istintaqı yekunlaşdırıb və sonradan məhkəməyə təqdim olunması üçün materialları prokurorluğa göndərib.
Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İyun ayının 25-də ümumi yurisdiksiya məhkəməsi arxiyepiskop Baqrat barəsində ilkin olaraq iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
O, terror aktlarına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə təqsirləndirilir. İyunun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram" kanalında hakimiyyətyönümlü “Civic.am” portalında dərc olunmuş və “hakimiyyətin ələ keçirilməsinə hazırlıq” barədə məlumatların yer aldığı materialı paylaşaraq, bu planı “şərəfsizlərin çevriliş cəhdi” adlandırmışdı.
Daha sonra Ermənistanda daha bir arxiyepiskop – Mikael həbs edilmişdi. Ona qarşı da hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı irəli sürülüb.