Bakı. Trend:
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott avqustun 8-də keçirilən brifinqdə ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Trend-in məlumatına görə, Piqott bu barədə konkret mövqe bildirməkdən imtina edib:
"Bu mövzuda çoxlu spekulyasiyalar var. Mən spekulyasiya etmək niyyətində deyiləm", – deyə o vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50 günlük müddət verdiyini açıqlamış, əks halda Moskva və onun ticarət tərəfdaşlarına 100% həcmində ticarət rüsumları tətbiq olunacağını bildirmişdi.
İyulun 29-da isə Tramp bu müddəti 10 günə endirdiyini bəyan etmişdi. Hazırda ABŞ-ın bu istiqamətdə konkret addım atıb-atmayacağı rəsmi olaraq təsdiqlənməyib.