Bakı. Trend:
"Samsung" şirkəti dörd məşhur “Galaxy” smartfon modeli üçün proqram təminatı yeniləmələrinin buraxılmasını dayandıracağını açıqlayıb.
Trend-in "GizmoChina"ya istinadən verdiyi məlumata görə, bu cihazlar artıq kritik təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri ilə təmin edilməyəcək. Bu isə istifadəçiləri kibertəhlükələrə və potensial proqram problemlərinə qarşı daha həssas edəcək.
Yeniləmələri dayandırılan modellərə "Galaxy A22", "Galaxy F22", "Galaxy M32" və "Galaxy M42 5G" daxildir. Bu smartfonlar 2021-ci ildə təqdim olunub və ilkin olaraq iki böyük "Android" əməliyyat sistemi yeniləməsi və dörd illik təhlükəsizlik yaması dəstəyi vəd edilmişdi. Son əsas "Android" yeniləmələri – "Android 13" isə təxminən iki il əvvəl yayımlanmışdı.
Hərçənd bu modellər normal işləməyə davam edəcək, lakin təhlükəsizlik yamalarının olmaması səbəbindən yeni aşkar edilən zəifliklərdən qorunmaq mümkün olmayacaq. İstifadəçilərə məlumatlarının təhlükəsizliyini təmin etmək üçün daha yeni modellərə keçid etmələri tövsiyə olunur.