Bakı. Trend:
Avropa ölkələri Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstəyini davam etdirməyə hazır olduqlarını bildiriblər.
Trend xəbər verir ki, bu barədə Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbərinin imzaladığı birgə bəyanatda qeyd olunub.
Sənəddə vurğulanır: “Biz münaqişənin diplomatik yolla həllinə nail olmaq üçün səyləri dəstəkləməyə, həmçinin Ukraynaya mühüm hərbi və maliyyə yardımlarımızı davam etdirməyə, “İstəklilər koalisiyası” çərçivəsində fəaliyyət göstərməyə və Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri qoruyub saxlamağa və tətbiq etməyə hazırıq”.
Bəyanatı imzalayan liderlər hesab edirlər ki, münaqişənin başa çatması yalnız fəal diplomatiya, Ukraynaya davamlı dəstək və Rusiyaya təzyiqlə mümkündür.