Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) Bukavu şəhərində baş vermiş yanğınlar nəticəsində azı 13 nəfər həyatını itirib, 6 məktəb və 2 tibb mərkəzi yanaraq dağılıb.
Trend-in məlumatına görə, bu barədə "Actualité" portalı şəhər rəhbərliyinə istinadla xəbər yayıb.
Yanğın 1000-dən çox binanı məhv edib. Məktəblərdə şagirdlərin şəxsi işləri və digər vacib sənədlər yanıb. Həmçinin, iki tibb mərkəzi, o cümlədən qocalar evi yanaraq dağılıb.
Portal qeyd edir ki, minlərlə insan evsiz qaldığından küçələrdə gecələməyə məcbur olub. Şəhər hakimiyyəti ölkə rəhbərliyindən və humanitar təşkilatlardan binaların bərpası üçün yardım istəyib.
Qeyd olunur ki, Bukavuda yanğınların artması quraq mövsümlərdə müşahidə olunur və bunun əsas səbəbi günəş panellərinin və akkumulyatorların düzgün istifadə olunmaması, həmçinin yerli sakinlərin evlərində yanacaq saxlamasıdır.