Bakı. Trend:
Avqustun 15-də Cenevrədə BMT-yə üzv dövlətlərinin iştirakı ilə keçirilən plastik çirklənməyə son qoymaq üçün konsensus əldə edilməsinə dair müzakirələr nəticə əldə olunmadan dayandırılıb.
Trend təşkilatın məlumatına istinadən xəbər verir ki, bu barədə məlumat verən BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib:
“Bu, geosiyasi mürəkkəbliklər, iqtisadi çağırışlar və çoxtərəfli gərginliklər fonunda çətin müzakirələrin olduğu 10 gün idi. Lakin bir şey aydındır: bu mürəkkəbliklərə baxmayaraq, bütün ölkələr açıq şəkildə masa arxasında qalmaq istəyir”.
İsveçrə şəhərində BMT-də Hökumətlərarası Danışıqlar Komitəsinin (INC) danışıqlarının sonunda mediaya müsahibə verən xanım Andersen üzv dövlətlərin plastik çirklənmə ilə bağlı əhəmiyyətli fərqlərini qeyd edib və onların bu prosesdə iştirakını davam etdirmək arzusunu ifadə etdiklərini vurğulayıb. “Ümid etdiyimiz müqavilə mətni ilə bağlı razılıq əldə olunmasa da, UNEP-də plastik çirklənməyə qarşı işi davam edəcək. Biz yeraltı sularımıza, torpağımıza, çaylarımıza, okeanlarımıza və orqanizmimizə daxil olan bu çirklənmənin qarşısını almalıyıq”, - deyə o qeyd edib.
UNEP rəhbərinin sözlərinə görə, 183 ölkədən olan nümayəndələr təklif olunan razılaşmanın çağırış gücünü və əhəmiyyətini təsdiqləyiblər.