Bakı. Trend:
Təxminən 1700 Milli Qvardiya əsgəri qeyri-qanuni mühacirlərlə mübarizə və cinayətkarlığın qarşısının alınması məqsədilə ABŞ-ın 19 ştatına yerləşdiriləcək.
Trend xəbər verir ki, bu barədə “Fox News” telekanalı Pentaqondakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ən çox Milli Qvardiyaçı Texas ştatına göndəriləcək. Həmçinin onlar Aydaho, Ayova, Alabama, Arkanzas, Vayominq, Virciniya, Corciya, İndiana, Luiziana, Nebraska, Nevada, Nyu-Meksiko, Ohayo, Tennessi, Florida, Cənubi Dakota, Cənubi Karolina və Yuta ştatlarında fəaliyyət göstərəcəklər.
Səlahiyyətlilər bildirirlər ki, noyabrın ortalarına qədər Milli Qvardiyaçılar Daxili Təhlükəsizlik Departamentinə maddi-texniki dəstək verəcək, saxlanılan qeyri-qanuni mühacirlərlə bağlı işlərin aparılmasına və məlumatların toplanmasına kömək edəcəklər.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü əməliyyatların digər təfərrüatlarını açıqlamayıb, lakin Pentaqonun “federal mülkiyyətin qorunması üçün digər qurumlarla işləməyə davam etdiyinə” əmin olduğunu bildirib.