Avropa Şurası yerli və regional hakimiyyətlər konqresinin plenar sessiyası 30 may- 1 iyunda Strasburqda keçiriləcək. Bu haqda məlumat AŞ-nın saytında yerləşdirilib.
Trend agentliyinin "Gürcüstan Online"na istinadən xəbər verir ki, sessiyada nümayəndə heyətlərinin yeni tərkibi təsdiqlənəcək, eləcə də Konqres sədri, palata sədrləri, sədr müavinləri və nizamnamə komitələri sədrlərinin seçkiləri keçiriləcək.
Sankt-Peterburqda Regionlararası və Transsərhəd Əməkdaşlığı üzrə Avropa Şurası Mərkəzinin yaradılması məsələsinin müzakirəsində Sank-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenko da iştirak edəcək. Rusiya Federal Yığıncağı Federal Şurasının sədri Sergey Mironov iyunun 1-də sessiya iştirakçıları qarşısında çıxış edəcək. "Adriatika" və "Qara dənizyanı" tipli Avroregionların yaradılması haqqında məruzələr nəzərdən keçiriləcək.
Sessiya iştirakçıları Avropada regionlaşdırma, Kipr, Lixtenşteyn və Moldovada yerli demokratiya, Niderlandda yerli büdcələr, Türkiyə və Cənubi Qafqazda yerli və regional demokratiyanın durumu məsələlərini müzakirə edəcəklər.
Ukraynada 26 mart yerli seçkilər və Çernoqoriyada 21 may referendumu haqqında məruzələr dinlənilib.
Gündəliyə şəhərlərdə təhlükəsizlik, miqrantların sosial hüquqlara çıxışı, su ehtiyatları və tullantıların idarə olunması məsələləri də daxildir. İnsan alverinə qarşı mübarizə haqqında məruzənin təqdimatından sonra bu məsələ ilə bağlı bəyannamə imzalanacaq.
Sessiyaya dəvət olunanlar arasında Avropa Şurası baş katibi Terri Devis, Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq, Avropa Birliyi Regionlar Komitəsinin sədri, şəhər merinin müavini Dünkerk Mişel Delebar və Parlament Assambleyasının ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər uzrə sədri Valter Şmidt də var.