Assoşieyted Press agentliyi Virciniya ştatından Senata keçirilən seçkilərdə demokratlardan namizəd Cim Uebin qələbə qazanacağını proqnozlaşdırır.
Əgər agentliyin proqnozu özünü doğruldarsa, bu o deməkdir ki, demokratlar 1994-cü ildən bəri ilk dəfə olaraq ABŞ Konqresinin Senatında çoxluğu özünə qaytaracaq. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Cim Ueb çərşənbə gününə keçən gecə özünü Virciniya ştatında qalib elan edib. Ancaq onun rəqibi - respublikaçı Corc Allen məğlubiyyətini qəbul etməyib və bəyan edib ki, ştatın seçki komissiyasının nəticələrinin rəsmi şəkildə elan edilməsini gözləyəcək. Bu isə noyabrın 27-dən tez baş verməyəcək.