Noyabrın 14-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada ABŞ səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir.
"Biz ABŞ hökumətinin səfirliyin yeni binasının inşası ilə bağlı qərarını Qazaxıstanın yeni paytaxtının yüksək statusunun tanınması və Astananın yeni simasının yaradılmasına mühüm töhfə hesab edirik", - deyə prezident açılış mərasimində qeyd edib.
Öz çıxışında dövlət başçısı xatırladıb ki, o, ay yarım bundan əvvəl Qazaxıstanın Vaşinqtondakı səfirliyinin binası yaxınlığında müstəqillik abidəsini açıb. "Bu gün biz ABŞ-ın Astanadakı səfirliyinin yeni binasını açırıq. Bu iki hadisə tərəfdaşlığın möhkəmlənən tellərini, hər iki ölkənin gələcəyə baxdığını çox parlaq şəkildə əks etdirir".
ABŞ-ın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Con Ordvey bildirib: "ABŞ-ın Qazaxıstanda yeni səfirliyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq simvoludur".