...

BMT Darfura sülh qüvvələrinin göndərilməsinə razılıq verir (video)

Dünya xəbərləri Materials 1 Avqust 2007 11:13 (UTC +04:00)
BMT  Darfura sülh qüvvələrinin  göndərilməsinə razılıq verir (video)

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) çərşənbə axşamı mərkəzi hakimiyyətlə qiyamçı qüvvələr arasında qanlı münaqişəyə səhnə olan Sudanın Darfur əyalətinə BMT və Afrika İttifaqının (Aİ) birgə qüvvələrinin göndərilməsini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib.

Qətnamənin qəbulundan bir az sonra ABŞ-ın BMT-dəki səfiri Zalmay Xəlilzad (Zalmay Khalilzad) Sudan hakimiyyətinin qətnaməyə riayət etmədiyi halda "bir və çoxtərəfli" sanksiyalara məruz qalacağı barədə xəbərdar edib.

Yekdilliklə qəbul edilən 1769-cu li qətnaməsi ilə Unimad adlandırılan, 26.000 əsgər və polisdən ibarət olan, BMT və Afrika Ittifaqının birgə qüvvələrindən təşkil edilmiş kontingentin 2003-cü ildən vətəndaş müharibəsinə səhnə olan Darfur əyalətinə göndərilməsinə yaşıl işıq yandırır.

Bu qüvvələr hal- hazırda orada olan 7000 nəfərlik Aİ qüvvələrini əvəz edəcək.

Qeyd edək ki, qətnamə Böyük Britaniya, Belçika, Konqo, Fransa, İtaliya, Peru və Slovakiya tərəfindən dəstəklənib.

TŞ-da qəbul edilmiş qətnamə qarışıq qüvvələrə BMT Xartiyasının VII fəslinə uyğun olaraq öz heyətini müdafiə etmək, humanitar təşkilatların hərəkət sərbəstliyini təmin etmək, mülki əhaliyə qarşı hücum və təhlükələrin qarşısını almaq üçün, eləcə də Darfura dair sülh müqaviləsini həyata keçirmək üçün zəruri tədbirlərin görülməsinə (yəni zərurət yarandığı təqdirdə silahdan istifadə etmək mənasında) icazə verir.

Qətnamənin mətni TŞ-nın üzvləri olan bəzi Afrika dövlətlərinin və Çinin dəstəyini qazanmaq üçün yumşaldılıb. Beləliklə, iyulun 24-də ABŞ tərəfindən dəstəklənən Fransa və Böyük Britaniya sanksiya təhdidlərini qətnamə mətnindən çıxardılar.

Böyük Britaniyanın baş naziri Qordon Braun (Gordon Brown) BMT-dəki çıxışında Darfurda zorakılığa son qoymayacağı halda, Sudana qarşı sanksiyaların tətbiqini bəyan edib. O, Darfur qurbanlarını nəzərdə tutaraq deyib ki, "heç nə etmədən bu faciənin davam etməsinə imkan verə bilməz". "Darfurda zorakılığa son qoyulması üçün heç bir iş görülməzsə, Kartuma (Khartoume) əlavə sanksiyalar tətbiq ediləcək" - deyə əlavə edib.

BMT-nin baş katibi Ban Ki-mun (Ban Ki-moon) bu qətnaməni "tarixi və görünməmiş" bir qətnamə adlandırıb. "Siz bununla regionda insanların həyatının yaxşılaşdırılmasına və Sudan tarxinin bu faciəvi səhifəsinin çevrilməsinə xidmət edən mövqeyinizlə aydın və güclü bir siqnal göndərirsiniz" - deyə o, TŞ-nın 15 üzvünə müraciətində deyib.

"Qətnamənin bütün aspektləri məni qane etməsə də, mən bundan razı qala bilərəm". Bu sözləri Sudanın BMT-dəki səfiri mətbuata verdiyi açıqlamada deyib.

Böyük Britaniyanın səfiri Emir Cons Parri (Emyr Jones Parry) öz növbəsində deyib ki, indi bütün səyləri Kartum hökuməti ilə qiyamçı qruplar arasında "siyasi həll yolunu" təmin etmək vasitələrinə yönəltmək lazımdır.

Fransanın xarici bşlər naziri Bernar Kuşner (Bernard Kouchner) çərşənbə günü bəyan edib ki, "qətnamənin qəbulu böyük ümidlər verir, lakin biz səylərimizidə azaltmamalıyıq".

Darfura birgə qüvvələr gələn ilin əvvəlindən tez göndərilməyəcək. Unamid həmin vaxt dünyada sülh missiyasını yerinə yetirən daha əhəmiyyətli kontingent olacaq.

BMT-yə görə, 2003-cü ildən etibarən Darfurda davam edən vətəndaş müharibəsi nəticəsində 200.000 insan həyatını itirib, 2,1 milyondan cox insan isə evindən-eşiyindən didərgin düşüb.

Xəbər lenti

Xəbər lenti