...

Azərbaycanda orta məktəb şagirdləri üçün yeni imtahan keçiriləcək

Cəmiyyət Materials 17 Yanvar 2013 12:00 (UTC +04:00)
Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə əlavələr edilib.
Azərbaycanda orta məktəb şagirdləri üçün yeni imtahan keçiriləcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə əlavələr edilib.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, yeni dəyişikliklərə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçiriləcək. Bununla əlaqədar Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.

Fərmana əsasən, NK iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və bu barədə Prezidentə məlumatlar təqdim etməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması nəzarətdə saxlanılmalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verilməlidir.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, hazırda TQDK-da fərmanın icrasından irəli gələn işlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Monitorinq imtahanı ilə bağlı məsələlər, eyni zamanda onun keçirilmə vaxtı barədə məlumatlar müzakirələr başa çatdıqdan sonra bəlli olacaq. Bu işlərin qısa müddətdə yekunlaşması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti