Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Azad Həsənli/
"İlk Avropa Oyunlarında zəif karateçi yoxdur, çünki bu yarışlara qatılmaq üçün onların hər biri sonuncu Avropa çempionatında lisenziya qazanıb".
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Azərbaycan karateçisi, Avropa Oyunlarının qalibi Ayxan Mamayev deyib.
A.Mamayev bildirib: "Biz il yarımdır ki, bu yarışlara hazırlaşırıq, yanvar ayından ciddi məşqlər başlayıb. İlk növbədə, valideynlərimə, məşqçimə və mənə kömək edən hamıya təşəkkürümü bildirirəm. Mən yarışlara baxmağa gələn hər kəsə təşəkkür edirəm. Dövlət başçısına karatenin Oilimpiya Oyunlarının daxil edilməsinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Biz bu günü gözləyirdik və şükür Allaha ki, qələbə qazana bildik".
O, qeyd edib ki, ikinci döyüşdə ukraynalı karateçinin ona ciddi zərbəsi yetirməsi nəticəsində üz sümüyünün sınmasına baxmayaraq, qələbə qazana bildi.
Xatırladaq ki, kişilər arasında 84 kq çəki dərəcəsində mübarizə aparan A.Mamayev bu gün kumite yarışlarının qalib olub.