Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.
İstintaq qrupunun rəhbəri, Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Asif Behbudov çərşənbə günü Trend-ə bildirib ki, cinayət işi dekabrın 27-dək baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.
Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, əvvəllər "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi yaranıb. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.
Nəsimi rayon məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bir neçə gün öncə Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.
Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, himayəsində azyaşlı uşağı olduğu üçün barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Behbudov bildirib ki, Şərifova əvvəllər xuliqanlıq cinayətinə görə məhkum olunduğu üçün ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə də ittiham veriləcək.