Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanlı rəssamların Türkiyədə sərgisi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, fevralın 2-də "Azərbaycanlı Rəssamlar Sərgisi" adı ilə keçirilən sərgi Azərbaycan səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə Ankara Rəsm və Heykəl Muzeyinin Fəxri Korutürk Sərgi Salonunda baş tutub. Sərgi Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 20-ci ildönümünə həsr olunub.
Tədbirdə Ankarada səfərdə olan ARDNŞ-ın Prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay, Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Fatih Ceylan, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Kamal Fahir Genç, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Prorektoru Fuad Salayev, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Türkiyənin fikir quruluşlarının nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, Türkiyənin və Azərbaycanın KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tədbirin digər təşkilatçıları olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-a, eləcə də tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək keçirilən tədbirin iki səbəbə görə çox əhəmiyyətli olduğunu qeyd edib. Səfir, tədbirin dünyada məşhur Azərbaycanlı rəssam və heykəltəraşlarının əsərlərinin nümayiş etdirilməsinə, eləcə də Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü münasibətilə təşkil olunmasına görə çox əhəmiyyətli olduğunu dilə gətirib.
Daha sonra söz Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günaya verilib. Öz növbəsində o, Azərbaycanın Türkiyə üçün daşıdığı əhəmiyyətdən, Azərbaycana xas olan mədəni dəyərlərin önəmindən və Azərbaycan mədəniyyətinin müasir dünyada qazandığı mühüm mövqedən bəhs edib.
Təşkil olunmuş sərgidə ölkəmizin Səttar Bəhlulzadə, Əbülfəz Fərəcov, Əlisəttar Səlimov, Arif Azəreli, Arif Hüseynov, Faiq Qənbərov, Həbib, İsmayıl Əsədoğlu, Məmmədhüseyn Hüseynov, Murad Allahverdiyev, Namiq Məmmədov, Orxan Hüseynov, Raida Mustafayeva, Rasim Babayev, Rəşad Mehdiyev, Sara Manafova, Təbriz Abdullayev, Teymur Ağalıoğlu, Turan Qafarlı, Ümmet Qaraca, Vahab, Vüqar Muradov, Xanlar Əliyev və Səid Rüstəm kimi nüfuzlu rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdirilib.