...

Əməkdar artist Tünzalə Ağayeva Maykl Ceksonu nümunə göstərdi

Mədəniyyət Materials 4 Mart 2011 18:05 (UTC +04:00)
Əməkdar artisti Tünzalə Ağayeva Maykl Ceksonu nümunə göstərdi
Əməkdar artist Tünzalə Ağayeva Maykl Ceksonu nümunə göstərdi

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın əməkdar artisti, ölkənin ictimai-siyasi həyatında yetərincə əmək sərf edən tanınmış estrada müğənnisi Tünzalə Ağayeva nə səbəbdən siyasətə qoşulmadığına aydınlıq gətirdi. Trend-ə danışan Ağayeva "ürəyinizdən keçirmi ki, kaş müğənni yox, siyasətçi olardım" sualımızla bağlı çox maraqlı fikirlər səsləndirdi. Mərhum pop-kralı Maykl Ceksonun sağlığında səsinin hesabına gördüyü işləri nümunə göstərən əməkdar artist mikrofonla vidalaşmaq arzusunda olmadığını bu sözlərlə dilinə gətirdi.

"Bəlkə də illər öncə mən bu sual haqqında düşünə bilərdim. Lakin indiki zamanda mənim üçün ən önəmlisi dəfələrlə ən yaxşı sənətkarların ünvanına deyilmiş ibrətamiz sözlərdən bəhrələnməkdir. Dünya ulduzu Maykl Ceksonun son mənzilə yola salındığı vida mərasimində ABŞ Konqresinin bir xanım senatoru olduqca təsirli çıxış etmişdi. Onun dediyi sözlər yaddaşıma həkk olunub: "Maykl Cekson ABŞ-ı dünyaya biz siyasətçilərdən çox sevdirdi. O, öz-özlüyündə bir səfir, missioner idi". Bu, çox yerində deyilən sözlərdir. Bəli, Maykl Cekson kimi bir düha, hətta ölümündən sonra dərin yaradıcılığı ilə və sərhədsiz mahnılarının təsir qüvvəsi altında çox böyük işlər görərək bir çox millətləri birləşdirir, insanları sevgiyə, birliyə səsləyir. Bu sözləri dünyaca məşhur digər sənətçilərin də ünvanına söyləmək olar. Əsl sənətçi insanların mənəviyyatında, ruhunda önəmli olan hissləri oyandırmaq üçün səhnəyə çıxır. Musiqiçi adı özlüyündə çox böyük missiya daşıyır. Tarix göstərir ki, insanlar yalnız partiya ətrafında birləşib, həyata olan baxışlarını ifadə etmirlər. Çünki hərənin öz siyasi baxışı və mövqeyi var. Amma musiqi insanların ruhuna birbaşa təsir gücünə malikdir. Boşuna deməyiblər ki, musiqinin nə dili, nə də sərhədi var. Bu qüvvəni daşıyan hansısa müğənni əgər işinə ciddi yanaşarsa, onun ictimaiyyət üçün lazımlı şəxs olması təsdiqlənir. Məhz o sənətçi də yaşadığı cəmiyyətin, ölkəsinin bütün ictimai həyatında fəali iştirak etməyi bacarmalıdır. Əgər xalqının faciəsi və ya sevinci varsa, o, öz ifasında bunu göstərməlidir. Sənətçi yalnız bugünkü gündəmi, piarı üçün işləməməlidir. Süni populyarlıq və aktuallığın ömrü qısa olur. Çünki seçilən hədəf yalan olduğundan, əsla ayaq tutub yeriməz", - Tünzalə xanım fikirlərini tamamladı.

Xəbər lenti

Xəbər lenti