...

Türkiyənin "pis qadını" Bakıya gəlmək istəyir (FOTO)

Mədəniyyət Materials 25 Aprel 2011 17:46 (UTC +04:00)
Türkiyənin "pis qadını" Bakıya gəlmək istəyir
Türkiyənin "pis qadını" Bakıya gəlmək istəyir (FOTO)

Türkiyə, İstanbul, 25 aprel /Trend, müxbir Ş.Cavadsoy/

1974-cü ildən bu günə kimi ən baxımlı türk filmlərində rol alan, 80-ci illərdə qadağaları aşaraq bəzən erotik səhnələrdə belə çəkilməkdən qorxmayan və bu səbəbdən də Türkiyənin "pis qadını" obrazı yaratmağa müvəffəq olmuş Ahu Tuğba Trend oxucularını İstanbuldan salamlayır. İllər ötməsinə baxmayaraq, baxışlarındakı cazibə, vücudundakı şarmın Ahu xanımı tərk etməməsini vurğulamaq mümkün deyil. Azərbaycandan gəldiyimizi bilən aktrisa söhbətimiz zamanı öyrənəndə ki, qardaş ölkə kimi onun heyranları vətənimizdə çoxluq təşkil edir, sevincini gizlədə bilmədi.

"Mən hesab etmirəm ki, biz ayrı-ayrı dövlətlərin vətəndaşıyıq. Sonunda kökümüz eynidir. Azərbaycanı, orada yaşayan bacı-qardaşlarımızı çox sevirəm. Təşəkkür edirəm ki, oynadığım filmləri sevə-sevə baxırsınız. Aktrisa kimi bunu bilməkdən qürurverici başqa nə isə ola bilərmi? Bu sətirləri oxuyanlar bilsinlər ki, Ahu Tuğba onları çox sevir. Aramızda minlərlə kilometr məsafə olmasına baxmayaraq, qardaşlıq körpüsü daim ürəklərimizdə yaşayır", - aktrisa belə dedi.

İşləri ilə əlaqədar çox vaxt ABŞ-a gedib-gəldiyini vurğulayan Ahu xanım, yaxın gələcəkdə Bakıya gəlmək istəyində olduğunu da dilə gətirdi. "Niyə də olmasın? Maraqlı layihə olsa və Azərbaycana gəlməyim şərtlərə daxil olunarsa, sevə-sevə Bakıya gələrəm. Mən maddiyyatı fikirləşən insan deyiləm. Yetər ki, məni sevən pərəstəşkarlarımla görüşümüzü təşkil etsinlər, gəlmək problem olmaz. Nə qədər gərgin qrafikdə işləsəm də, Azərbaycana gəlməyə mütləq vaxt ayıraram", - Tuğba əlavə etdi.

Türk mediasında şıltaq sənətçilər sırasına adını çoxdan yazdırmış sevimli aktrisa, sonda özü fotokameramızın qarşısına keçib mehribancasına fotolar çəkdirdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti