Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Ş.Cavadsoy/
Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılan "Best model of the World-2010" müsabiqəsində Azərbaycanı təmsil edəcəyi gözlənilən "Best model of Azerbaijan-2010" adını qazanmış model Günay Musayeva sözügedən yarışmaya qatılmaqdan imtina edib. İki gündür şəxsi işləri ilə əlaqədar Bakıda olan model gecəyarısı Trend-ə müsahibə verib.
- Günay, həmişə vətəndə! Azərbaycana hər gəlişində mütləq adınla bağlı qalmaqallar səs-küy yaradır və sən də bunlara cavab vermək məcburiyyətində qalırsan...
- Bu çox dəhşətlidir. Məncə Musayeva soyadının ikinci mənası qalmaqal deməkdir. Çünki Bakıya hər gəlişimdə söz-söhbətlər yaranır və danışmaq məcburiyyətində qalıram. Əslində şəxsi işlərimlə bağlı gəlsəm də, yenidən bəzi ürək açmayan sözlər eşitdim. Təbii ki, bütün bunlara açıqlama verməkdə özüm maraqlı oldum. "Best Model of the World"-lə ba ğlı söz-söhbətlər səngimir. Sizinlə görüşməmişdən 5 dəqiqə əvvəl də də müsabiqənin prezidenti Erkan Özermanla telefon danışığımız oldu. Elə Bakıya gəldiyim andan tez-tez onunla danışıram. Azərbaycandan hansısa jurnalist ona zəng vurub və məlumat yazılıb ki, guya o, mail adresindən kimlərəsə məktublar yazıb, müsabiqəöncəsi nələrisə təsdiqləyib. Erkan bəyin başqa işi-gücü yoxdur ki, mail adresindən tanımadığı insanlarla mesajlaşsın? Konkret açıqlama istəyirsinizsə, sizə informasiya verim ki, Erkan Özerman "Best Model"-ın fəxri prezidenti olaraq qalsa da, yarışma bütünlüklə onun ixtiyarında deyil. Müsabiqənin təşkilini Bolqarıstanda fəaliyyət göstərən şirkətlərdən biri üzərinə götürüb. Mənə gəldikdə isə "Best model of Azerbaijan-2010"-da qalib olmuş oğlan finalçı Azər Atakişiyevə görə problemlərlə qarşılaşmışam. Xarici görünüşümdən bəlkə hiss edirsiniz ki, qanım qaradır, əhvalım yoxdur. Sizcə bütün bunların səbəbkarı kimdir? Əlbəttə Azərdir. Özü və anası Bolqarıstanda bir çox qurumlara müraciət edərək çox pis şəkildə şikayətlər ediblər. Erkan bəyə şər atmaqdan da çəkinməyiblər. Bunlar necə də ayıb şeylərdir. Roma adlı bir köməkçisi vardı. Oğurluq etdiyinə görə Özerman onu yanından qovmuşdu. Oxucular bu adı modelyer Ramazzo kimi tanıyırlar. Roma bir tərəfdən yalanlar danışır, Azər o tərəfdən şər atır. İnanın, çox iyrənc söz-söhbətlərə aydınlıq gətirmək sıxır məni.
- Axı bugünlərdə Türkiyənin Bodrum şəhərində Ramazzonun təşkil ediyi moda dəfiləsində sən də model kimi səhnəyə çıxmışdın. Əgər Roma yalanlar, olmayan şeylər haqqında danışırsa, niyə görə dəb nümayişində onun kolleksiyasından geyinib səhnəyə çıxmışdın...
- Çox nahaq yerə onun təşkil etdiyi dəfiləyə çıxmışdım. Açığı onun dəfiləsi olacağından xəbərim yox idi. Başa düşmürəm o, insan niyə hər yerdə özünü azərbaycanlı kimi qələmə verir? Romanın Azərbaycanla heç bir bağlılığı yoxdur. O, gürcüdür. Sadəcə təşkilatçılar demişdilər ki, Azərbaycandan modelyerlərdən biri moda nümayişi ilə çıxış edəcək, fəxri qonaq kimi mənim də qatılmağımı istəyirlər. Və onu da demişdilər ki, guya "Eurovision 2011" birinciləri Eldar Qasımovla Nigar Camal da həmin tədbirə gələcəklər. Sırf həmyerlilərimə dəstək olsun deyə Bodruma getdim və məkanda Roma məni qarşılayanda şoka düşdüm. Geriyə qayıtsaydım biabırçılıq olardı. Türkiyənin media mənsubları, paparazzilər pərişan olduğumu görüb məni gözlərindən qoymurdular. İzləndiyim üçün məcburən saxta gülüşlərə köklənib səhnəyə çıxdım. Nəzərə alsaq ki, jurnalistlər məhz mənə görə Bodruma gəlmişdilər, o zaman artıq şərhə ehtiyac yoxdur. Təsəvvür edin tədbir bitir, Türkiyənin çox populyar ulduzları, mənə dəstək olsun deyə gələn dostlarım Serdar Ortaçla, Demet Akalınla şam edirik, bu an Erkan bəy mənə telefonla zəng edir və haqlı yerə mənə öz iradlarını bildirir. Sakitcə ona qulaq asıb sanki qurulmuş tələyə düşdüyümü ona izah etməyə çalışırdım. Müğənni dostlarım sağ olsunlar, dəstək oldular ki, bəlkə vasitəçi olub Erkan bəylə danışsınlar, aramızda problemlər yaşanmasın. Amma onlar bilmir ki, Erkan bəy belə vəziyyətlərdə kimsəni dinləmir. O, sadəcə öz fikri ilə hərəkət edib qərar verən insandır. Serdar Ortaç deyil, lap Riki Martin də ondan fikrini dəyişməyi xahiş etsə, alınası iş deyil. İndi Erkan bəylə hər şey qaydasında olsa da, çox şeylər baş verdi. Mən Sofiyaya, bu müsabiqəyə getmək istəmirəm də. İmtina etdiyimi yazın. Azər və anasının etdikləri, aldadılaraq Romanın dəfiləsinə çıxmağım bu addımı atmağıma səbəb oldu. Söz-söhbətlər məni bezdirdi. Və mən "Best Model of the World" finalına getmirəm.
- İstanbulda olduğun zaman telefonla Trend-ə verdiyin müsahibəndə əminliklə bildirmişdin ki, müsabiqəyə qatılacaqsan. Amma indi deyirsən ki, imtina edirsən. Səncə, bir neçə günün içində oxuculara təzadlı fikirlər söyləməyin səhv addım deyil? Açıqlamalarını oxuyub fikirlərində müxtəliflik görəcək insanlar düşüncəklər ki, bu qız özünə güvənmədiyi üçün ən asan yolu - imtina etməyi seçdi. Forumlarda qeyd olunur ki, müsabiqənin rəsmi saytında adları çəkilən modellərin hamısı çox güclü rəqiblərdir.
- Bu yanaşmanı heç cür qəbul edə bilmərəm. Təvazökarlıqdan uzaq səslənsə də, çoxları mənim kim olduğumu bilir və qazandığım uğurlar da göz önündədir. Mənim yaradıcılığım təkcə "Best Model"lə tamamlanmır axı. Türkiyədə işlərimi davam etdirirəm. Nyu-Yorkdan yeni təklif almışam. Avqustun 2-də kataloq çəkilişində iştirak etməkdən ötrü Amerikaya gedəcəyəm. 8-də isə Nyu-Yorkdan İspaniyaya səfər edəcəyim planlaşdırılıb. Madriddə moda dəfiləsində çıxış edəcəyəm. Yəni, maşallah, işlərim o qədərdir ki, vaxt azlığından şikayət edə bilərəm. Bir də ki, sənətimi, karyeramı təkcə "Best Model"ə bağlamıram. Modellikdə birinci olmaq elə də önəmli deyil. Əminliklə deyirəm ki, müsabiqələrdə qalib olmuş elə modellər var ki, gördükləri heç bir iş yoxdur. Dərəcə almayan modellər tanıyıram ki, dünya podiumlarında çıxış edirlər. Söz-söhbətlər məni ruhdan sala bilməyəcək. Məni stresə salan insanlara "təşəkkür" edirəm. Bu pisliyi özümüzünkülər etdilər. Sapı özümüzdən olan baltalara "minnətdaram". Hansısa uğurumu təzələməyə imkan vermirlər. Nə qədər dedi-qodular eşitmək olar?
- Fikrimcə, insanlar jurnalistləri də qınayacaqlar. Bu aylar ərzində "Best Model"ə gedirəm" deyən Günay Musayeva sanki jurnalistlərdən istifadə etdi. Oxucular jurnalistlərin yazdıqlarına inandıqlarına görə təəssüflənməyəcəklərmi?
- Azərbaycanda fəaliyyət göstərən jurnalistlər ilk növbədə dostlarımdır, daha sonra media mənsubu kimi hörmət etdiyim şəxslərdir. Elə biri də sən. Bəzən olur ki, diktofon işə düşməyənə qədər müəyyən şəxsi məsələlərimi dost kimi sizinlə bölüşürəm. Hətta az əvvəl sənə də nələrisə dedim. Hər şeyi bilməyinizi istədiyim üçün həmişə belə səmimi oluram.
- Bu vaxta qədər bizə verdiyin açıqlamaları konkret cəmləşdirib, necə izah edə bilərsən ki, oxucularımız nə səni, nə də bizi qınamasınlar.Axı biz durmadan sənin finalçı kimi sözügedən müsabiqədə Azərbaycanı təmsil edəcəyini anons edirdik.
- Cavabım belədir, narahat olmasınlar. Mən həmişə bayrağımızın xarici dövlətlərdə birincilər sırasında dalğalanması üçün bundan sonra da çalışacağam. Bir vacib nüansı da vurğulamaq istərdim. Bəlkə bu günlərdə Bolqarıstandakı Təşkilat Komitəsi dəvət göndərə bilər ki, Azərbaycandan olan iştirakçı da səhnəyə çıxsın. Və mən finala qatıla bilərəm. Mözücə ola bilər. Mən möcüzələrə inanan insanam, çünki həyatda yaşamağımızın özü belə möcüzədir.
P.S. Günayın müsahibənin sonunda dediyi fikirlərlər, yəqin ki, sizin də diqqətinizdən yayınmadı. Ümidvarıq ki, final mərhələsinin ötən ilin dekabrında keçirilməsi planlaşdırılan "Best Model of the World-2010" müsabiqəsində həqiqətən möcüzəli qərar qəbul ediləcək və Azərbaycan adından səhnəyə çıxmaq Günay Musayevaya nəsib olacaq. Qaranlıq qalmasın deyə vurğulamaq istərdik ki, Erkan Özermanın səhhəti ilə əlaqədar müsabiqənin əsas finalı bu il iyulun 30-da keçiriləcək. "Best Model of the World-2011" müsabiqəsinin keçirilib-keçirilməyəcəyi barədə danışmaq isə çox tezdir. İstənilən halda Günaya uğurlar arzulayırıq.
Foto: ATV Maqazin jurnalı