...

11 yaşlı müğənni Yasin Həsənov "Slavyan Bazarı" müsabiqəsində münsiflər heyətini heyrətləndirdi (FOTO)

Mədəniyyət Materials 25 İyul 2011 19:44 (UTC +04:00)
Yaşının az olmasına baxmayaraq, qazandığı uğur və nailiyyətlərinə görə əksər yaşıdlarını geridə qoyan Yasin Həsənov bu günlərdə daha bir uğuru ilə Vətənə qayıdıb.
11 yaşlı müğənni Yasin Həsənov "Slavyan Bazarı" müsabiqəsində münsiflər heyətini heyrətləndirdi (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Yaşının az olmasına baxmayaraq, qazandığı uğur və nailiyyətlərinə görə əksər yaşıdlarını geridə qoyan Yasin Həsənov bu günlərdə daha bir uğuru ilə Vətənə qayıdıb. Belarusun Vitebsk şəhərində keçirilmiş "Slavyan Bazarı" beynəlxalq mahnı müsabiqəsində laureat olaraq, ikinci yerə layiq görülən azyaşlı istedad növbəti qələbəsi haqqında KİV nümayəndələrini ətraflı şəkildə məlumatlandırmaqdan ötrü Trend Xəbərlər Şirkətinin konfrans zalında mətbuat konfransı keçirdi.

Yasinin beynəlxalq müsabiqədə iştirakı haqqında danışan jurnalist Tahirə Məmmədqızı səbəbkarla yanaşı, onun təhsil aldığı Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova və "Mədəniyyət" kanalının xüsusi müxbiri Zakir Musayevi də jurnalistlərə təqdim etdi. Gülnarə xanım rəhbəri olduğu musiqi məktəbində fərqlənən tələbəsinin qalib gəlməsindən fəxrlə danışıb, Həsənovun növbəti hədəfləri kimi başqa müsabiqələrdə iştirak etmək əzmində olduğunu açıqladı. Ən əsası onu uşaq "Eurovision"unda ən layiqli namizəd kimi gördüyünü söylədi.

Özünəməxsus şəkildə medianı salamlayan Yasin Trend-ə açıqlamasında bildirdi ki, sözügedən müsabiqə zamanı münsiflər heyəti onu SSRİ-nin xalq artisti, mərhum sənətkar Müslüm Maqomayevin repertuarından "Azərbaycan" və italyan mahnısı "Camayka"nı yüksək səviyyədə ifa etdiyinə görə tərifləyiblər. "Başda Rusiyanın əməkdar artisti, aktyor Sergey Şustiski olmaqla, bütün münsiflər çıxışlarıma heyrətlənmişdilər. Onlar yekdilliklə "Qran Pri" mükafatını mənə vermək istəyirdilər. Ancaq Azərbaycanla müqayisədə Rumıniya kasıb ölkə olduğu üçün həmin ölkədən qatılan iştirakçıya birinciliyi və 5 min ABŞ dolları mükafatını verdilər. Mənə isə min dollar təqdim etdilər və ikinci yerə layiq görüldüm. Sevinirəm ona görə ki, səhnəyə hər çıxışımda məni möhtəşəm səsə malik müğənni kimi təqdim edirdilər. Bu uğurumu başda müəllimlərim, xalq artisti Rauf Babayev olmaqla, əməkdar artist Samir Cəfərov və gənc Koroğlumuz Ramil Qasımovla bölüşürəm. Onların və digər müəllimlərim, təhsil aldığım musiqi məktəbinin direktoru Gülnarə xanımın çox böyük zəhməti var üzərimdə. Həm də çəkdikləri əziyyətə görə ailə üzvlərimə, xüsusilə anam Rəna xanıma təşəkkür edirəm. Həmişə dəstək olan anamın zəhmətini daim qiymətləndirmək üçün çalışacağıma söz verirəm", - balaca istedad belə dedi.

Müsabiqənin eksklüziv çəkiliş hüququ "Mədəniyyət" kanalında olduğu üçün sözügedən televiziyanın Belarusa ezam olunmuş xüsusi müxbiri Zakir Musayev də Yasinin qələbəsi ilə bağlı təəssüratlarını media mənsubları ilə bölüşdü. Və bildirdi ki, Azərbaycandan böyüklərin mübarizə apardığı "Slavyan Bazarı"nda müğənni Aynişan Quliyeva ilə yanaşı, Yasin Həsənov da öz fitri istedadı ilə bütün ölkələrdən qatılan iştirakçıları sözün yaxşı mənasında təəccübləndirməyə müvəffəq olub.

Sonda media mənsublarına müsabiqə zamanı çəkilmiş videogörütülər nümayiş etdirildi. Maraqlı olacağını nəzərə alıb, 11 yaşlı istedadın tərcümeyi-halı ilə Sizi də tanış edirik:

Yasin Etibar oğlu Həsənov 03.07.2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə Heydər Əliyev adına liseyə daxıl olub. Hazırda Heydər Əliyev adına liseyin V sinif şagirdidir və əlaçıdır. Dərsdən əlavə, musiqi məktəbinin vokal sinfində oxuyur. Musiqini çox sevən Yasin Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin vokal şöbəsinə 2007-ci ildə qəbul olunub, hazırda IV sinif şagirdidir, Yasin əməkdar artist Samir Cəfərov və gənc vokalçı İlahə Əfəndiyevanın tələbəsidir.

Vaxtı ilə istedadlı uşaqların təmsil olunduğu "Bəri bax" qrupunun solisti olan Yasin xalq artisti Rauf Babayevin sevimli şagirdlərindəndir. Bundan əlavə, gənc vokalçı Ramil Qasımov da onunla məşğul olur.

27.05.2010-cu ildə "V&V Company" tərəfindən Heydər Əliyev adına Sarayda keçirilən möhtəşəm konsertdə ilin ən gənc ifaçısı kimi "Qran Pri"yə layiq görülüb.
30.05.2010-cu ildə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən "Zirvədəkilər" müsabiqəsində diploma layiq görülüb.
13.02.2011-ci ildə Heydər Əliyev adına Sarayda canlı korifey Robertino Lorettinin konsertində canlı olaraq Loretti ilə duet şəklində "Camayka" mahnısını ifa edib. Robertino Loretti Yasinin ifasına heyran qalıb.
4.03.2011-ci ildə Müslüm Maqomayev adına Filarmoniyada xalq çalğı alətləri ansamblının müşayiəti ilə konsertlə çıxış edib.
7.10.2011-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XII "Prazdnik detstva" Beynəlxalq uşaq müsabiqəsində 27 ölkədən 700 iştirakçı arasında "Qran Pri" mükafatına layiq görülərək Azərbaycan bayrağını ucaldıb.
25.04.2011-ci ildə Belarusun Mozır şəhərində VII "Zemlya pod belımi krılyami" Beynəlxalq vokal müsabiqəsində 25 ölkədən 600 iştirakçı arasında "Qran Pri" mükafatına layiq görülüb.
2011-ci il may ayının 16-22-də Rumıniyanın Onesti şəhərində keçirilən 16-cı Beynəlxalq "Tİ AMO" adlı pop müsabiqəsində iştirak edib. 13 ölkədən 50-60 iştirakçı arasında "Qran Pri"yə, xüsusi diploma və III yerə layiq görülüb. Onesti şəhərinin meri Yasinin çıxışından heyran qalıb meriyaya xüsusi görüşə dəvət edib, ona xüsusi hədiyyə təqdim edib.
2011-ci il mayın 26-29-da Belarusun Klimov şəhərində "Zolataya pçolka" Beynəlxalq uşaq müsabiqəsində 17 ölkədən 1000 iştirakçı arasında xüsusi diploma və II yerə layiq görülüb.

"Həyatda ən böyük arzum şəxsiyyət kimi tarixin yaddaşında qalmaqdır. Azərbaycan xalqına yüksək səviyyədə xidmət etmək, parlaq qələbələrə nail olmaq istəyirəm. Bunun üçün daim irəliyə can atmaq və hər günün sonunda "Mən dövlətim üçün nə etdim?" sualına cavab tapacaq işlər görmək əzmindəyəm. Ötən hər günü, açılan hər sabahı bundan da qat-qat artığını təmin etmək məqsədilə yaşayır, yorulmadan nəsə etmək, fərqli işlərlə yadda qalmaq istəyirəm. Mən gələcəkdə Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənədkarlarımızın yolunun davamçısı olmaq istəyirəm və çalışacam ki, olum!" - devizi ilə yaşayır balaca istedad.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti