Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/
18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt da daxil olmaqla, Azərbaycanın bir sıra bölgələrində xalq konsertləri keçirilir. Bayram tədbirlərində iştirakına görə rekord vuran müğənnilərdən biri kimi İzzət Bağırovun adını çəkmək olar. Trend-ə açıqlamasında İzzət özü də bu fikri təsdiqlədi.
"Sentyabrın sonlarından etibarən başda AzTV olmaqla, əksər telekanalların rayon icra hakimiyyətləri ilə birlikdə təşkil etdikləri bayram konsertlərinə qatılıram. Bu günə qədər həmkarlarımla 20 rayonu gəzib, pərəstişkarlarımızı bayram münasibətilə təbrik etmişik. Amma səhnə fəaliyyətim dövründə yadıma gəlmir ki, mən gündə 3-4 rayonda keçirilən konsertlərdə çıxış edim. Rekord adlandırmaq olar. Nəzərə alanda ki, konsertlər davam edir, demək, yolumuzu gözləyənlər hələ də var", - İzzət belə dedi.
Müğənni 2012-ilin mart ayında Bakıda fərqli solo-konsertlə tamaşaçılarının görüşünə gəlmək fikrində olduğunu da söylədi. "Planımızda solo-konsert olsa da, Yeni ilə kifayət qədər vaxt qaldığı üçün indidən danışmaq istəmirəm. Qoy, sürpriz qalsın", - Bağırov əlavə etdi.