Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Ş.Cavadsoy/
Bu gün populyar estrada müğənnisi Nadir Qafarzadə paytaxt restoranlarının birində Latviyada "Сердце бьеться" (Ürək döyünür) mahnısına çəkdirdiyi klipi media mənsublarına təqdim etdi. Mətbuat konfransında olduqca şən görünən müğənni, 106.3 radiosunun dj-i Rüfət Ağayevlə birlikdə ərsəyə gətirdiyi işin ona uğur gətirəcəyindən məmnunluqda danışdı.
"Bir neçə il bundan əvvəl Eldar adı ilə Rusiya şou-biznesinə qatılmaq niyyətim tam gerçəkləşməsə də, mən bu gün dünya standartlarına cavab verəcək kliplə yenidən qonşu dövlətdə tanınmağı qarşıma məqsəd qoymuşam. Sözləri Rusiyanın əməkdar artisti, tanınmış şair Simon Osiaşvili, musiqisi Anatoli Zubkova məxsus olan mahnı Latviyanın peşəkar rejissorlarından biri hesab olunan Jerry Pavlof tərəfindən ekranlaşdırılıb. Jerry Pavlof həm də Azərbaycan haqqında çəkilən filmin rejissorudur. "Ürək döyünür" adlı mahnım məhz Rusiyanın RU TV telekanalında nümayiş olunmaq üçün çəkilib. Nümayişin qiymətini də açıqlaya bilərəm - 50 min avro. Sözügedən kanal hər gün 4 dəfə olmaqla, 1 ay müddətində klipimi bu məbləğdə yayımlamağa razılaşıb. Amma yenə də müəyyən endirim və güzəştlər ola bilər", - müğənni belə dedi.
Latviyada klip çəkdirən ilk Azərbaycan müğənnisi olan Nadir, layihəyə rəhbərlik etdiyi üçün tanınmış tele-aparıcı, 106.3 radiosunun direktoru Emin Musəviyə xüsusi minnətdarlıq bildirməyi də unutmadı. "İnanın, əgər Emin Musəvi olmasaydı, bu layihə heç vaxt uğurlu alınmazdı. Vizanın açılmasından tutmuş, peşəkar komanda ilə əlaqə yaratmağa qədər bütün işləri məhz Emin etdi. Ona dərin təşəkkürümü bildirirəm. İnşallah, yaradıcılıq əməkdaşlığımız davam edəcək və hədəflərim bununla bitməyəcək. Elə işlər görməliyəm ki, tamaşaçılarımı sözün həqiqi mənasında təəccübləndirim", - Qafarzadə əlavə etdi.
Avropa səviyyəsində çəkilmiş klip kimi qiymətləndirilən ekran işi ümumilikdə 20 min avroya başa gəlib.
Foto: Şahin Cavadsoy