...

Azərbaycanın 3 böyük mütəfəkkirinin yubileyinin keçirilmə tarixləri açıqlanıb

Mədəniyyət Materials 27 Yanvar 2012 12:37 (UTC +04:00)
Azərbaycanın 3 böyük mütəfəkkirinin yubileyinin keçirilmə tarxiləri açıqlanıb
Azərbaycanın 3 böyük mütəfəkkirinin yubileyinin keçirilmə tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200, böyük şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi ilə bağlı geniş tədbirlər, bir sıra layihələr həyata keçiriləcək.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda yubileylərin yekun tədbirlərinin vaxtı dəqiqləşdirilib. M.Ə.Sabirin yubileyi ilə bağlı yekun tədbir may ayının sonu - iyunun əvvəlində, N.Gəncəvinin yubileyi ilə bağlı yekun tədbir sentyabrın axırı - oktyabrın əvvəllərində, M.F.Axundzadənin yubileyinə isə noyabrda təntənəli şəkildə yekun vurulacaq. Yubileylərlə bağlı tədbirlər planı fevralın ortalarında elan ediləcək.

İclasda ədib və mütəfəkkirlərin yubilyeinin yüksək səviyyədə keçirilməsi üçün bir sıra təkliflər də səslənib. Bu təkliflər ədiblərlə bağlı Bakıda beynəlxalq elmi konfransların təşkil olunması, tanınmış elm və ədəbiyyat araşdırıcılarının bu konfranslara dəvət olunması, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət teatrlarında, habelə türkdilli ölkələrdə, MDB məkanında dramaturqun əsərlərinin tamaşaya qoyulması, respublikamızın rayonlarında tədbirlər keçirilməsi, hər üç ədibin doğulduğu məkanlara - Gəncə, Şəki və Şamaxıya turist səfərlərinin təşkil olunması və s. ilə bağlı olub.

Bu il Azərbaycanın üç böyük ədibinin - dünya ədəbiyyatı xəzinəsinə misilsiz incilər vermiş mütəfəkkir şair Nizami Gəncəvinin 870, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 və görkəmli satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması üçün Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi və digər əlaqədar qurumlarla birlikdə hər üç yubileyə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti