Azərbaycan, Bakı, 1 mart /Trend/
Bolqarıstan "Eurovision" təmsilçisini və mahnısını elan edib.
Trend-in cümə axşamı müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bolqarıstanda 12 iştirakçının yarışdığı final həyəcanı sona çatıb. Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən, ölkəni Bakıdakı 57-ci "Eurovision" mahnı müsabiqəsi şousunda Sofi Marinova təmsil edəcək.
37 yaşlı müğənni kifayət qədər səhnə təcrübəsinə malikdir. Onun bu vaxtadək 11 musiqi albomu çıxıb. Sofi "Bakı Kristal Zalı"nın səhnəsindən tamaşaçılara "Sərhədsiz sevgi" ("Love Unlimited!") mahnısı ilə səslənəcək. Sözləri Doni Vasilyevaya, musiqisi Yasen Kozev və Krum Georgiyevə məxsus olan bu mahnıda 11 dildə "Səni sevirəm" kəlməsi işlədilir. Müğənni "Love Unlimited!"" mahnısında Azərbaycan, türk, bolqar, ispan, fransız, ərəb, italyan, yunan, serb, qaraçı və ingilis dillərində sevgi etirafı edir.
Qeyd edək ki, Bolqarıstan təmsilçisi "Eurovision" mahnı müsabiqəsində mayın 24-də keçirilən ikinci yarımfinalda çıxış edəcək.
Böyük Britaniya isə bu gün "Eurovision 2012" təmsilçisini açıqlayacaq.
Təmsilçi daxili seçim yolu ilə müəyyənləşəcək. Ölkəni Bakı səhnəsində təmsil etmək uğrunda Charlotte Church, JLS, "The Saturdays", Pixie Lott və Katherine Jenkins yarışacaq.
Məlumatda bildirilir ki, "Atomic Kitten" və "Spice Girls" qruplarından birinin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlər təsdiqlənməyib.
Qeyd edək ki, Böyük Britaniya birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
Rusiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etmək üçün milli finalda yarışacaq 25 ifaçının adı açıqlanıb. Seçimlərdə təmsilçilik adı uğrunda yarışacaq ifaçılar arasında 2008-ci ildə "Eurovision" mahnı müsabiqəsinin qalibi olmuş Dima Bilan da var. Qalib müğənni üçüncü dəfə bu müsabiqədə özünü sınamaq fikrindədir.
Martın 7-də keçiriləcək milli finaldakı ifaçıların adlarını təqdim edirik:
1. Dima Bilan & Yuliya Volkova dueti
2. Timati & Aida dueti
3. Lena Maksimova
4. Ksenona
5. Katya Savelyeva
6. İrson Kudikova
7. Olqa Makovetskaya
8. Mari Karne
9. Mark Tişman
10. Yelena Ekimova
11. Ed Şuljevskiy
12. Rene
13. "The UPS" qrupu
14. Riff Action Family
15. Farinelli Balls dueti
16. Sardor
17. Efrosiya
18. "UNITE IT" qrupu
19. 4POST qrupu
20. Polina Smolova
21. CHINKONG & Karina
22. Pavla
23. "Sestrı Se" dueti
24. "Buranovskiy babuşki" qrupu
25. "Jet Kids" qrupu
Xatırladaq ki, Rusiya təmsilçisi "Eurovision" mahnı müsabiqəsinin mayın 22-də keçiriləcək birinci yarımfinalında çıxış edəcək.