...

Azərbaycanda "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Aprel 2012 22:13 (UTC +04:00)
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçirilib.
Azərbaycanda "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend müxbir V. İmanov/

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçirilib.

"Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı "Ruhunu bizimlə alovlandır" sloqanlı yeni avtobus turuna start verilib.

Konsertin təşkil olunmasında əsas məqsəd "Eurovision 2012"-nin keçirilməsinə çox az qalmış bir müddətdə regionlarda və rayonlarda yaşayan insanlarda müsabiqəyə qarşı marağı daha da artırmaq və xatırlatmaqdır.

Konsert populyar şoumen Murad Dadaşovun aparıcılığı və bir sıra məşhur yerli estrada müğənnilərin ifası ilə keçirilib. Konsertdə, həmçinin Fan Klubun rəsmi DJ-i olan DJ China-nın da iştirak etməsi nəzərdə tutulur. Açıq havada keçirilən konsert proqramı saat 19:00-da başlayıb və bir neçə saat davam edib.

Konsertin başlamasından bir neçə saat əvvəl Fan Klub üzvləri, fəallar və gənclər Bakı Biznes Mərkəzinin qarşısından "Eurovision" loqosu, bayraqları ilə bəzədilmiş avtobuslarda Qaradağ rayonu istiqamətinə hərəkət ediblər.

Qeyd edək ki, bu tur müxtəlif tarixlərdə respublikanın digər rayonlarında da keçiriləcək.

"Eurovision"un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 1 aprel 2008-ci il tarixində yaradılıb və hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti