...

Hacıbaba Bağırovun xatirəsi yad ediləcək

Mədəniyyət Materials 11 İyun 2012 13:26 (UTC +04:00)
Yaşasaydı, iyunun 12-də Azərbaycanın xalq artisti, görkəmli aktyor Hacıbaba Bağırovun 80 yaşı tamam olacaqdı. Həmin gün Musiqili Komediya Teatrının kollektivi məşhur aktyorun qəbrini ziyarət edəcək.
Hacıbaba Bağırovun xatirəsi yad ediləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir C.Babayeva/

Yaşasaydı, iyunun 12-də Azərbaycanın xalq artisti, görkəmli aktyor Hacıbaba Bağırovun 80 yaşı tamam olacaqdı. Həmin gün Musiqili Komediya Teatrının kollektivi məşhur aktyorun qəbrini ziyarət edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 18-də Musiqili Komediya Teatrında aktyorun 80 illiyinə həsr olunmuş "www.fərzəli-kef.com" tamaşasının nümayişi baş tutacaq.

Tamaşada xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, eləcə də məşhur artistlər Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Nigar Qarayeva və başqaları iştirak edəcəklər. Xatırladaq ki, Hacıbaba Bağırov sağlığında həmin tamaşada Fərzəli rolunu ifa edib.

Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakıda anadan olub. Aktyor olmaq istəyi onu 1947-ci ildə Azərbaycan Dövlət Dram Teatrı yanında aktyor studiyasına gətirib. 1950-ci ildə o, Lənkəran Dövlət Dram Teatrında işləməyə başlayıb. 1960-cı ildə Gəncə Dövlət Dram Teatrında aktyor qrupuna daxil olub, 1962-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmağa başlayıb.

Bağırov tamaşaçıların yaddaşında "Arşın mal alan", "O olmasın, bu olsun", "Hicran" və bir çox tamaşalarda oynadığı rollara görə qalıb.

Hacıbaba Bağırovun Azərbaycan kinematoqrafiyasının inkişafında da xüsusi xidmətləri olub. O, "Ulduz", "Onun bəlalı sevgisi", "Qanun naminə", "Alma almaya bənzər" və başqa filmlərdə çəkilib.

1996-cı ildən 2006-cı ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru olub.

Hacıbaba Bağırov 2006-cı ildə vəfat edib.

Xəbər lenti

Xəbər lenti