...

Rihannanın Bakı konserti ilə əlaqədar "Kristal Zal"ın fan-zonasına bilet müsabiqəsi elan olunub

Mədəniyyət Materials 10 İyul 2012 14:53 (UTC +04:00)
Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan edir.
Rihannanın Bakı konserti ilə əlaqədar "Kristal Zal"ın fan-zonasına bilet müsabiqəsi elan olunub

Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan edir. Dünya şöhrətli müğənninin Bakı konsertini təşkil edən "Universal Music Group" şirkətinin Azərbaycan nümayəndəliyi "Omnikomo Music Group" şirkətinin PR xidmətindən verilən məlumata görə, müsabiqənin qalibləri oktyabrın 6-da "Crystal Hall"da keçiriləcək konsertin fan-zonasına bilet əldə edəcəklər. Müsabiqənin qalibləri səhnədən bir neçə addım aralı olan bu məkanda pərəstiş etdikləri ulduzun möhtəşəm şousunu izləmək imkanı qazanacaqlar.

Rihannanın pərəstişkarı olan hər bir şəxs qeyd olunan müsabiqədə iştirak edib, sənətçinin "Crystal Hall"da keçiriləcək möhtəşəm şousuna bilet qazana bilər. Bunun üçün fanatlar Rihanna üçün öz video müraciətini çəkməli və ona sevgilərini etiraf etməlidirlər. Pərəstişkarlar "Rihanna, I love you" adlı video-müraciəti [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqədə iştirak etmək üçün şərtlər belədir: Video müraciət sizin haqqınızda və sizin ulduzunuz olan Rihanna ilə bağlı olmalıdır. Siz bu video müraciətdə nəyə görə Rihannanı və onun yaradıcılığını bəyəndiyinizi, nə vaxtdan onun pərəstişkarı olduğunuzu əhatə etməlisiniz. Eyni zamanda nəyə görə məhz siz bu müsabiqənin qalibi olması və öz kumirinizin konsertinə bilet qazanmağınız haqda ətraflı danışmalısınız.

Hər bir pərəstişkar Rihannanın konsertində fan-zonaya bilet əldə etmək uğrunda öz kreativliyini və yaradıcılıq fantaziyasını göstərməlidir. Video-çarx məktubunda sizin şəklinizin, eləcə də Rihannayla bağlı topladığınız fanat kolleksiyasının da yerləşdirilməsi daha yaxşı olardı. Siz müğənninin posterlərinin fonunda, onun şəkili və ya musiqi albomları çəkilmiş maykada şəkil çəkdirə və ya şəkildə Rihannanın ən yaddaqalan obrazlarının birində düşə bilərsiniz. Ən əsası odur ki, şəkil Rihanna, onun yaradıcılığı, musiqisi və klipləri ilə bağlı olsun.

Müsabiqəyə iyulun 10-də start veriləcək və sentyabrın 1-nə kimi davam edəcək. Müsabiqənin qalibləri sentyabrın 15-nə kimi elan ediləcək.

Müsabiqənin fəal iştirakçıları Rihannanın simvolikası ilə xüsusi prizlər və suvenirlər qazanacaqlar. Bu prizlər və suvenirləri pərəstişkarlar müğənninin "Crystal Hall"da keçiriləcək konsertində əldə edəcəklər.

Müsabiqənin təşkilatçıları bütün iştirakçılardan müraciətləri göndərərkən düzgün və işləyən telefon nömrələrini göstərmələrini xahiş edir. Təşkilatçılar, sizinlə göstərdiyiniz nömrələr ilə əlaqə saxlayacaq, biletlər isə müsabiqə iştirakçısının anketində göstərilən ad və familiya sahibinə veriləcək.

Konsertin təşkilatçısı olan "Omnikomo Music Group" şirkətinin www.facebook.com/omnikomo rəsmi "Facebook" səhifəsində müsabiqə haqqında mövzu təşkil olunacaq.

Xatırladaq ki, dünya şöhrətli müğənni Rihannanın Bakıdakı solo konserti yüksək keyfiyyətli musiqinin təşviqi və musiqi piratlığı ilə mübarizə layihəsi çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti