Azərbaycan, Bakı, 2 avqustl /Trend, müxbir M.Əliyev/
"Nizami" Kino Mərkəzində cümə axşamı Milli Kino Günü qeyd olunub.
Trend-in məlumatına görə, tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda Kino Gününün qeyd olunması ilə bağlı artıq ənənənin formalaşdığını bildirib.
"Biz hər il Kino Günü qeyd olunan zaman bir filmin təqdimatını keçiririk. Bu gün də hamımızın ağrılı yeri olan Qarabağdan bəhs edən "Dolu" filmi təqdim olunur. İnanıram ki, bu film hər kəsin ürəyində əks-səda doğuracaq", - nazir deyib.
Qarayev bir qrup kino xadiminin yeni yaratdığı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətinə də toxunub. O bu qurumun təzə yaradılmasına baxmayaraq, uğurlu fəaliyyət göstərəcəyinin hiss olunduğunu qeyd edib.
"Dövlət olaraq, biz bu İttifaqın fəaliyyətinə dəstək verəcəyik", - nazir vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup mədəniyyət xadiminə medallar verilib.
Çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bir neçə gün əvvəl rəhbərlik etdiyi təşkilatın yaranmasının bir ayının tamam olduğunu bildirib.
"Bu qısa müddətdə İttifaqa üzv olmaq üçün 270-dən artıq ərizə daxil olub", - Məmmədova deyib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi mükafatlar kino xadimlərinə təqdim olunub. İttifaqın təsis etdiyi "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" mükafatı isə bu il xalq artisti Yaşar Nuriyə verilib.
Qeyd edək ki, bu mükafat hər il bir kino xadiminə təqdim olunacaq.
Daha sonra Qarabağ mövzusundan bəhs edən "Dolu" filminin təqdimatı keçirilib.