Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Türkiyənin TRT 1 kanalında 27 ildir fasiləsiz yayımlanan "Gəzəlim Görəlim" proqramı Azərbaycanın dilbər guşələri olan Qəbələ və Şəkidə çəkilişlər aparır.
TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, proqramın rejissoru və aparıcısı Nuray Yılmaz, eləcə də çəkiliş qrupu ilk olaraq Qəbələyə yollanıblar.
Qəbələnin turizm potensialı, təbiət gözəlikleri bir-bir Nuray Yılmazın proqramında tamaşaçılara təqdim olunacaq. Rayon kəndlərindəki insanların yaşayış tərzi ekranlara gələcək.
Qəbələdə 3 gün davam edən çəkilişlərin ardından Şəkiyə səfər edilib. Şəkidə olan zəngin tarixi mədəni irs diqqətlə lentə alınıb, Xan Sarayı, Karvansaraylarda çəkilişlər aparılıb. Azərbaycana həsr edilən bu proqram dekabrda TRT 1 kanalında ekranlara gələcək.