Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının və aşıq sənətinin tanınmış nümayəndəsi, Gədəbəy aşıqlar ansamblının yaradıcısı Aşıq İsfəndiyar Rüstəmovun 75 ilik yubiley gecəsi keçiriləcək.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb, 1958-ci ildə Bakıda keçirilən festivalda 1-ci dərəcəli diplom və döş nişanı ilə təltif olunub. 1972-ci ildə böyük ustad Aşıq Ələsgərin Moskvada qeyd olunan 150 illik yubileyində uğurla çıxış edib.
1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivalındakı uğurlu çıxışlarına görə Rüstəmov Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. Ustad sənətkar uzun illər Gədəbəy rayonunda fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib, onlarla şagird yetişdirib. 2007-ci ildə "Baş Sarıtel" adlı şeirlər kitabı nəşr olunub.
İsfəndiyar Rüstəmov "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına və Prezident təqaüdünə layiq görülüb.
Yubiley gecəsində bir çox hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.