Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında Türkiyədə çox dəyərli elmi tədqiqatlar aparılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfransda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç deyib.
Azərbaycan, Türkiyə və İran alimlərinin iştirak etdiyi konfransda çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu qeyd edib.
Baxşəliyeva deyib ki, XII əsr intibah dövründə yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir.
Tədbirdə iştirakçılar tərəfindən məruzələr də dinlənilib.