...

İçərişəhərdə "Səməni saxla məni" adlı tədbir keçiriləcək

Mədəniyyət Materials 14 Mart 2013 18:00 (UTC +04:00)
“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi Şirvanşahlar Sarayı Kompleksində martın 15-də saat 12:00-da Novruz bayramına həsr olunmuş “Səməni saxla məni” adlı ədəbi-bədii tədbir keçirəcək.
İçərişəhərdə "Səməni saxla məni" adlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 14 mart /Trend/

"İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi Şirvanşahlar Sarayı Kompleksində martın 15-də saat 12:00-da Novruz bayramına həsr olunmuş "Səməni saxla məni" adlı ədəbi-bədii tədbir keçirəcək.

İdarədən Trend-ə verilən məlumata görə, tədbir Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbinin uşaqları üçün nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd xalqımızın çoxəsrlik tarixi ənənələrini və əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında kimsəsiz uşaqları sevindirməkdir.

İki hissədən ibarət olacaq bayram tədbirinin birinci hissəsi Şirvanşahlar Sarayında, ikinci hissəsi Kiçik Karvansarada keçiriləcək. Birinci hissədə AMEA Folklor İnstitutunun "İrs" ansamblının ifasında xalq və aşıq musiqisi, milli rəqslər, eləcə də meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olunacaq.

Daha sonra bayram tədbiri Kiçik Karvansarada Bakı Humanitar Kollecinin tələbələrinin hazırladıqları bayram proqramı ilə davam edəcək. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram süfrəsi açılacaq və Novruz xonçaları bəzədiləcək. Kimsəsiz uşaqlara bayram hədiyyələri təqdim olunacaq.

Sonda Bakının qədim hissəsi ilə tanışlıq məqsədilə internat məktəbinin uşaqları üçün İçərişəhərdə və Şirvanşahlar Sarayında ekskursiyalar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti