...

Əbülfəs Qarayev vətəndaşları qəbul edib (FOTO)

Mədəniyyət Materials 17 May 2013 13:54 (UTC +04:00)
Mayın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından vətəndaşları qəbul edib.
Əbülfəs Qarayev vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından vətəndaşları qəbul edib.

Trendin nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 50-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların bütün müraciətlərinə baxılıb, səslənən fikir və təkliflər dinlənilib.

Müraciətlər əsasən yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni turizm peşə və uşaq musiqi məktəblərinin açılması, muzeylərdə yeni ekspozisiyaların qurulması, mədəniyyət evlərinin, xalq teatrlarının, folklor kollektivlərinin, uşaq musiqi və incəsənət məktəblərinin musiqi alətlərinə, rəqs və səhnə geyimlərinə olan tələbatının nazirlik tərəfindən təminatı, işlə təmin olunma, sosial problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Bəzi müraciətlərdə mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən dərnək və birliklərin vahid tədris planı və proqramlarının hazırlanması təklif edilib. Təkliflərdə, həmçinin regionların turizm sahəsinin inkişafı ilə bağlı fikirlər səslənib, bəzi layihələrin icrasına köməklik göstərilməsi xahiş olunub.

Nazir Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin, əhalinin xahiş, şikayət və təkliflərinin öyrənilərək onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Qəbula gəlmiş hər bir vətəndaşı diqqətlə dinləyən nazir qeyd edib ki, səslənən bütün məsələlər nəzərdən keçiriləcək, həlli üçün addımlar atılacaq.

Bəzi vətəndaşların sosial məsələlər, mənzil təminatına dair xahişləri ilə bağlı nazir bildirib ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq. Müəyyən problemlərin həlli üçün konkret tapşırıqlar verilib. Nazir yerlərdə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və əhali ilə birbaşa təmasda səslənən məsələlərin ümumi işin xeyrinə olduğunu bildirib.

Qeyd edək ki, vətəndaşlarla görüşlər növbəti aylarda da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti