...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Leql şəhərində təşkil olunmuş sərgi və konsert yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 18 May 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Fransanın Bas-Normandi regionunun Orn departamentində yerləşən Leql şəhərinin əsası Xl əsrdə qoyulmuşdur. Min ildən artıq bir tarixə malik olan Leql ilk vaxtlarda latınca Aquilla adlandırılmışdır. Sonradan şəhərə Leql adı verilmişdir. Rəvayətə görə Xl əsrdə şəhərdə qəsr tikintisi zamanı qartal yuvasına rast gəlinmiş və elə həmin dövrdən başlayaraq şəhər qartal mənasını verən Leql adlandırılmışdır.

AzərTAc xəbər verir ki, şəhərdə çoxlu sayda qədim abidələr vardır. XVlll əsrə məxsus olan şəhər bələdiyyə idarəsinin binası vaxtilə qəsr kimi fəaliyyət göstərmiş və dövlət tərəfindən qorunan abidələr siyahısına salınmışdır.

Orn departamentində və Leql şəhərində Azərbaycanı yaxşı tanıyırlar. Yerli sakinlərin ölkəmizin tarixi, xalqımızın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və adət-ənənələri barədə müəyyən məlumatları vardır. Buna səbəb ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Orn departamentində Xll-XlY əsrlərə aid qədim kilsələrin bərpasına yardım göstərilməsi və Leql musiqi məktəbində görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyacaq zalın təmirində yaxından iştirak etməsidirsə, digər tərəfdən 2010-cu ildə Azərbaycanın Naftalan şəhəri ilə Leql şəhərinin qardaşlaşmasına dair niyyət protokolu imzalandıqdan sonra hər iki tərəfin qarşılıqlı səfərləri, Leqldə ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi, Leql idmançılarının Naftalanda keçirdikləri yoldaşlıq görüşləri, cari il mayın 10-da Leqldə qardaşlaşmaya dair rəsmi sənədin imzalanması və nəhayət bələdiyyə binasının qarşısında bu şəhərlə artıq qardaşlaşan İsveçrənin, Almaniyanın və Slovakiyanın Dövlət bayraqları ilə yanaşı Azərbaycan bayrağının daima dalğalanmasıdır.

Elə buna görə də ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" ilə bağlı Leqldə təşkil olunan sərgiyə və konsertə yerli sakinlər böyük maraq göstərmişlər.

Sərginin açılışında çıxış edən Leql şəhərinin meri Tierri Pino ölkəmizi bir qədər tanıdığı, Qərblə Şərq arasında yerləşən, qədim tarixə malik Azərbaycanın mədəni dəyərlərlə zənginliyi, Avropa mədəniyyətli bir diyar olduğunu diqqətə çəkmişdir.

Azərbaycana səfərini xatırladan mer ölkəmizdən böyük təəssürat aldığını, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, xalqımızın çox müasir, uzun əsrlik mədəniyyətimizin dərin kökləri olduğunu vurğulamışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi təqdim edən T. Pino 500 minlik əhalisi olan Gəncənin ölkəmizin qərbində yerləşdiyini, əsas sənaye mərkəzlərindən biri olduğunu bəyan etmişdir.

Dünyəvi dövlət olan Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin mövcudluğunun mühüm əhəmiyyətini vurğulayan mer etnik qrupların dostluq, mehriban və harmonik yaşadığını bildirmiş, 20 ildən bir qədər artıq dövrdə müstəqilliyin qazanan Azərbaycanın gənc bir dövlət olduğunu, nəinki Qafqazda, habelə Şərq aləmində ilk dəfə demokratik qurluşlu dövlət yaratdığını və hazırda demokratiya yolunda inamla addımladığını, Leql ilə Naftalan şəhərinin qardaşlaşmasının iki xalq arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətini qeyd etmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgi və konsertin ölkəmizi xaricdə daha yaxşı tanıtmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində həyata keçirildiyini, mədəniyyətimizin müxtəlifliyini və zənginliyini diqqətə çəkmişdir. Azərbaycanın tarixən çox qədim bir ölkə olduğunu xatırladan səfir burada müxtəlif mədəniyyətə, dinlərə və dillərə malik etnik qrupların yaşadığını, qədim İpək yolu üzərində yerləşdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, 22 il bundan əvvəl müstəqilliyini bərpa edən Azərbaycan öz mədəniyyətini Fransada tanıtmağa səy göstərir. Bir neçə gün bundan əvvəl Leqllə Azərbaycanın qardaşlaşmasına dair rəsmi sənəd imzalanmışdır. Bu sənədin imzalanması istiqamətində 3-4 il ərzində iş aparılmış, möhkəm əməkdaşlıq əlaqələri yaranmışdır. Ona görə də bizi bu şəhərlə mühüm dostluq əlaqələri birləşdirir.

Səfir paytaxt Bakı şəhərinin qədim mədəni abidələrlə zəngin olduğunu və onların bir çoxunun UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edildiyini xüsusi vurğulamış və səyahəti sevən fransızları Azərbaycana dəvət etmişdir.
Şəhər sakinləri sərgidə nümayiş etdirilən qədim xalçalara, xurcunlara, qadın və kişi geyimlərinə, misgərlik və dulusçuluq sənəti nümunələrinə, musiqi alətlərinə və digər eksponatlara xüsusi maraq göstərmişlər.
Şəhər bələdiyyəsinin binasında etno-caz musiqisindən ibarət konsert təşkil edilmişdir. Əfqan Rəsulun, Etibar Əsədlinin, Ruslan Hüseynovun, Elvin Bəşirovun və Rafael Alıyevin ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertin sonunda şəhərin meri Tierri Pino yerli sakinlərə belə unudulmaz musiqili gecə bəxş etdiyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Foto: AzərTAc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti