...

Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov uğurla çıxış edib (VİDEO)

Mədəniyyət Materials 19 May 2013 01:37 (UTC +04:00)
Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir.
Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov uğurla çıxış edib (VİDEO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanı "We are one"- "Biz birik" şüarı ilə keçirilən builki müsabiqədə təmsil edən Fərid Məmmədov səhnəyə 20-ci çıxıb. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.

Fərid Məmmədovu səhnədə iki rəqqas müşaiyət edib. Onlar hər ikisi simvolik obrazları canlandırıb. Bu rəmzi obrazlardan birini Rusiyanın peşəkar rəqs ustası Aleksandr Kuzmenko ifa edib. Ölkə təmsilçimizin səhnə performansına bir çox "Eurovision" qalibləri ilə işləyən Fokas Evanqelinos quruluş verib.

Azərbaycanın təmsilçisi builki favoritlər siyahısındadır. Fəridin çıxışını və ifaçılıq bacarığını onun rəqibləri də yüksək qiymətləndirir.

Final mərhələsində 58-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışır. Bu ölkələrdən 20-si mayın 14 və 16-da keçirilən yarımfinallardan seçilib.

Müsabiqənin yaradıcılarından hesab edilən "Böyük beşlik" - İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və ev sahibi İsveç təmsilçiləri bu gün birbaşa finalda yarışırlar.

Şounu Petra Mede və "Green Room"da 2011-ci ildə İsveçi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Eric Saade aparır.

Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edəcək.

Qeyd edək ki, artıq müsabiqədə yarışan ölkələrin münsiflər heyəti öz səsvermə nəticəsini təmsilçilərin dünən juri finalındakı çıxışına görə müəyyənləşdirib. Bu gün isə 39 ölkə tamaşaçıları sonuncu ifaçının çıxışından sonra 15 dəqiqə ərzində səs verəcək. Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla, bəyəndikləri ifaçının səhnəyə çıxış nömrəsini mobil telefonlardan 9450-yə yollamaqla ona səs göndərə bilərlər. Azərbaycandan digər ölkə təmsilçilərinə verilən xallar 13-cü açıqlanacaq.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti