...

Azərbaycan və Tacikistan milli konservatoriyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb (FOTO)

Mədəniyyət Materials 21 May 2013 19:07 (UTC +04:00)
Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və Tacikistan milli konservatoriyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, sazişi Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov və Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi imzalayıblar.

İmzalanma mərasimində KİV nümayəndələri ilə yanaşı, yerli diasporun nümayəndələri, hər iki ölkənin mədəniyyət, incəsənət adamları iştirak ediblər.

Müqavilənin imzalanma prosesində iştirak edən Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd edib ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür. Azərbaycan musiqisinin zənginliyi, bu sahədə əldə olunan təcrübə və peşəkarların səviyyəsi baxımından Tacikistan musiqiçilərinin Azərbaycanda təhsil almaq marağı başa düşüləndir.

Daha sonra Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirov Tacikistan və Azərbaycan ədib və musiqiçilərinin tarixi əlaqələrindən danışıb. Son illər Azərbaycanda keçirilən Muğam musiqi festivallarında Sitora Karamatullonun önəmli yerlərdən birini qazandığını xatırladıb. Cari ilin 10-12 may tarixlərində isə Azərbaycandan olan muğam qrupunun Tacikistanın "Şaşmakam" festival-simpozimundakı gözəl ifaları haqqında danışıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli bildirib ki, imzalanan əməkdaşlıq sazişi 2014-cü ildə qüvvəyə minəcək və bundan sonra Tacikistan musiqiçilərinin Azərbaycanda, Azərbaycan musiqiçilərinin isə Tacikistanda tədris-təcrübə (tələbə, professor) mübadiləsi aparılacaq, birgə konsertlər təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov və xalq artisti Nəzakət Teymurova Tacikistan Milli Konservatoriyasının tələbə və müəllim heyəti üçün ustad dərsləri keçiblər. Tacikistan Milli Konservatoriyasının müəllimi, Azərbaycan II Beynəlxalq Muğam Festivalının iştirakçısı Xurşed İbrahimovun "Qarabağ şikəstəsi"ni Azərbaycan dilində ifa etməsi dərin köklərə söykənən milli musiqilərimiz arasında yaxın bağların olmasından xəbər verməklə yanaşı, Qarabaq fəryadının Tacikistanda səslənməsi demək idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti