...

Emin Yasinov: "Azerbaijan Art Festival" ölkənin regionlarında incəsənətin gələcək inkişafına yönəldilib

Mədəniyyət Materials 4 İyun 2013 17:01 (UTC +04:00)
"Azerbaijan Art Festival - 2013"-ün keçirilməsi ölkənin regionlarında incəsənətin gələcək inkişafına, gənc istedadların üzə çıxarılmasına yönəldilib.
Emin Yasinov: "Azerbaijan Art Festival" ölkənin regionlarında incəsənətin gələcək inkişafına yönəldilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir V.İmanov/

"Azerbaijan Art Festival - 2013"-ün keçirilməsi ölkənin regionlarında incəsənətin gələcək inkişafına, gənc istedadların üzə çıxarılmasına yönəldilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında festivalın və "Baku Creative Center"in direktoru Emin Yasinov bildirib.

Azərbaycanda Baku Creative Center-in yaradıcılıq mərkəzi tərəfindən təşkil edilən "Azerbaijan Art Festival-2013" bədii festivalı başlayıb.

Emin Yasinov qeyd edib: "Bakıda mart ayının 4-dən iyun ayının 1-dək keçirilən "Baku Galleries Festival" bədii qalereya festivalından fərqli olaraq, "Azerbaijan Art Festival-2013" təkcə paytaxtda deyil, regionlarda yerləşən qalereyaları da əhatə edəcək".

"Azerbaijan Art Festival" çərçivəsində performanslar, mənzərəli və qrafik əsərlər, heykəllər təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov qeyd edib: "Nazirlik tərəfindən ölkə regionlarında incəsənətin təşviqi və inkişafına yönəldilən "Paytaxtdan regionlara" layihəsi həyata keçirilir. "Azerbaijan Art Festival-2013" layihəsinin əsas məqsədi səyyah sərgilər və ustad dərsləri sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilikləri və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməkdir".

Layihə regionlarda turne şəklində həyata keçiriləcək. İyunun 7-dən başlayaraq Mingəçevir, Sumqayıt şəhərləri, Salyan, Saatlı, Şirvan, Kürdəmir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, rayonlarının daxil olduğu layihə həmin regionlarda 3 günlük sərgi və incəsənətin müxtəlif növlərini əhatə edən rəssamlar tərəfindən ustad dərslərin keçirilməsini nəzərdə tutur. Həmçinin, tədbirin qonaqları incəsənətin müasir növləri ilə tanış ediləcək.

"Azerbaijan Art Festival-2013" iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Əlixanova Gülnarə, Bəhruz Kəngərli, Anar Hüseynzadə, Ələkbər Məmmədov, Anar İsmayılzadə, Lalə Ağayeva, Mehriban Əfəndi, Günel Ravilova, Aytən Şirzadova, Pərnisə Əsgərova, Aysel Əmirova kimi rəssamlar var.

Festival çərçivəsində keçirilən bütün tədbirlər foto və video lentə alınacaq və daha sonra əldə olunan materiallar əsasında qısametrajlı film hazırlanacaq.

Xatırladaq ki, "Baku Creative Center"in məqsədi Azərbaycan mədəniyyət və incəsənətinin ölkəmizin hüdudlarından kənarda təbliği, təbliğatın PR strategiyasının hazırlanması, kreativ ideyaların reallaşdırılması və yaradıcı insanların inkişafına yardım etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti