...

Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun fərdi sərgisi açılacaq (FOTO)

Mədəniyyət Materials 25 Sentyabr 2013 19:27 (UTC +04:00)
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun fərdi sərgisi açılacaq (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərindəki əsərləri nümayiş olunacaq. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, "Aydan", "Səhər. Abşeron", "Koroğlu" tabloları, Abşeron triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" və digər məşhur əsərləri də var.

Sərgi noyabrın 6-dək davam edəcək.

T.Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1957-ci ildə isə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi ilə diqqəti özünə cəlb edən T.Salahov rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoyub.

T.Salahov Azərbaycan və Rusiyanın bir çox mükafatlarının laureatı, dünyanın 20-dən çox akademiya və yaradıcılıq təşkilatının fəxri üzvü, ABŞ-ın bir neçə ştat və şəhərinin fəxri vətəndaşı, YUNESKO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti