...

Azərbaycanda "Avropa İrs Günləri" layihəsi keçiriləcək

Mədəniyyət Materials 26 Sentyabr 2013 19:23 (UTC +04:00)
2013-cü ilin 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək.
Azərbaycanda "Avropa İrs Günləri" layihəsi keçiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

2013-cü ilin 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilməsi nəzərdə tutulan tədbirlər bu il Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edəcək. Layihə çərçivəsində qeyd olunan rayonların məktəbliləri üçün "Tarix və mədəniyyət abidələrinin qorunması və bərpası" mövzusunda açıq dərslər keçiriləcək, gənclər üçün abidələrə və qoruqlara ekskursiyalar təşkil ediləcək və mədəni irsin qorunmasına dair kütləvi maarifləndirmə kampaniyası aparılacaq.

Layihənin əsas tədbiri sentyabrın 29-da Zaqatala rayonunda keçiriləcək. Burada digər rayonların ictimaiyyətinin iştirakı ilə xalq gəzintisi təşkil olunacaq, mədəniyyət abidələri mövzusunda fotosərgisi nümayiş etdiriləcək və yaradıcı kollektivlərın çıxışları baş tutacaqdır. Tədbirin sonunda Zaqatala rayonunun mərkəzi parkında Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin ifasında konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

2013-cü ilin 28-29 sentyabr tarixində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında "açıq qapı" günləri keçiriləcək.

"Azərbaycanda Avropa İrs Günləri" layihəsi çərçivəsində təşkil edilən tədbirlər çərçivəsində bölgədə yerləşən tarix-mədəniyyət qoruqlarına, muzeylərə və digər mədəniyyət müəssisələrinə pulsuz giriş təmin olunacaq. Bununla yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri üçün pulsuz ekskursiyalar təşkil ediləcək, onlara tarix-mədəniyyət abidələrinin qorunması barədə ətraflı məlumat veriləcək.

Yerli və əcnəbi turistlərin, eləcə də bölgə sakinlərinin tarix və mədəniyyət abidələrinə sərbəst girişini təmin etmək məqsədi daşıyan Avropa İrs Günləri layihəsi hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə keçirilir. Bəzi ölkələrdə tədbirlər hər il müəyyən regionu əhatə edir, bəzilərində isə bütün ölkə boyu qeyd olunur, tarix və mədəniyyət abidələrinin qapıları hamının üzünə açılır. Ümumiləşdirilmiş statistik məlumatlara əsasən, son dövrlərdə "Avropa İrs Günləri" çərçivəsində hər il Avropanın 100.000-dən çox mədəni irs abidəsində açıq qapı günləri təşkil olunur və 20 milyon nəfər ziyarətçi tarix və mədəniyyət abidələrini ziyarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti