...

"Azərbaycan incəsənəti minilliklər boyu" sərgisinin açılış mərasimi və "Azərbaycan el sənəti" kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2013 20:25 (UTC +04:00)
Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunda "Azərbaycan incəsənəti minilliklər boyu " sərgisinin açılış mərasimi və "Azərbaycan el sənəti" adlı kitabın təqdimatı keçirilib.
"Azərbaycan incəsənəti minilliklər boyu" sərgisinin açılış mərasimi və "Azərbaycan el sənəti" kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir V.İmanov/

Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunda "Azərbaycan incəsənəti minilliklər boyu " sərgisinin açılış mərasimi və "Azərbaycan el sənəti" adlı kitabın təqdimatı keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti Aministrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq tikilmiş Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunda belə möhtəşəm sərginin keçirilməsi ölkənin tarixi irsinin qorunması işində mühüm hadisədir:

"Milli İncəsənət Muzeyinin yeni keçid korpusu Azərbaycanda dövlət səviyyəsində muzey işi sahəsinə göstərilən böyük diqqət və qayğının daha bir sübutudur. Bu, ölkədə həyata keçirilən yenidənqurma işlərinin irimiqyaslı və keyfiyyətli olmasına dəlalət edir. Burada milli memarlıq elementləri ilə yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə edilib".

Qeyd edilib ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunub. Tikinti işlərinə 2009-cu ildə başlanılıb. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilib. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilib.

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, sərginin keçirilməsi milli-mədəni sərvətin qorunması və muzey fondlarında saxlanılan qiymətli eksponat və incəsənət əsərlərinin gələcək nəsillərə ötürülməsi işində vacib hadisədir.

Sonra qonaqlar eksponatlar və muzeyin zəngin kolleksiyası ilə tanış olublar.

Azərbaycanda hələ mezolit dövründə (e.ə XII-VII minilliklərdə) xalqın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilk təsviri sənət nümunələri yaranıb və sonrakı dövrlərdə təkmilləşərək inkişaf etdirilib. Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, çeşidli, bənzərsiz xalçalar, keramika və bədii metal nümunələri Azərbaycan incəsənətinin qədimliyinin və misilsiz bədii dəyərinin əyani sübutudur. Məsələn, foyedə nümayiş etdirilən qədim Şamaxının Xınıslı yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan, eramızın I-III əsrlərinə aid olan insan fiqurları Azərbaycanda heykəltəraşlığın çox qədim tarixə malik olduğunu sübut edir. Laçın rayonundan tapılan at formalı məzar daşı isə eramızın XVI əsrinə aiddir.

Buradakı daş kitabələrin hər biri qədim tariximizin öyrənilməsi baxımından tutarlı mənbədir. Muzeydəki orta əsrlərə aid dekorativ incəsənət nümunələri də böyük maraq doğurur. Vaxtilə Bakı, Gəncə, Şamaxı, Şəki tacirlərinin Qərbi Avropa bazarlarına çıxardıqları iri xalça dəstləri geniş şöhrət qazanıb. Ənənəvi olaraq Azərbaycanda xovlu və xovsuz xalçalar - kilim, palaz, vərni, zili, sumax və sair toxunurdu. Qədim xalçaların üzərində Nizami, Firdovsi, Füzuli kimi böyük şair və filosofların əsərlərindən süjetli kompozisiyalar əks olunub.

Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi və nəbati naxışlarla bəzədikləri metal məmulatları və digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Yeni korpusun metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif incəsənət nümunələri saxlanır. Buradakı rəngkarlıq bölməsində Azərbaycan, Qərbi Avropa, Rusiya və Şərq rəssamlarının müxtəlif dövrlərə aid 3000-dən çox nəfis sənət incisi mühafizə olunur. Qrafika fondundakı sayı 6000-ə çatan yüksək sənət nümunələri də Azərbaycan, Qərbi Avropa və Rusiya rəssamlarına məxsusdur.

Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə də muzeyin ekspozisiyasında geniş yer verilib. Azərbaycan döyüşçülərinin geyimləri də böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer alıb.

Sərgidə iştirak edən qonaqlar aralarında Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Mir Möhsün Nəvvab, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Səttar Bəhlulzadə, Kamal Ələkbərov, Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Tokay Məmmədov, Sobsay Pinxos, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Baba Əliyev, Oqtay Sadıqzadə və digərlərinin olduğu rəssam və heykəltəraşların əsərlərinə tamaşa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti