Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Bu gün Heydər Əliyev Sarayında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qorxma mən səninləyəm.1919" bədii filminin təqdimatı olub.
Trend-in məlumatına görə, ötən əsrin 80-cii illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Polad Bülbüloğlu birinci filmdə olduğu kimi, "Qorxma mən səninləyəm.1919" filmində də musiqi bəstələməklə yanaşı filmdə baş rollardan birini ifa edib.
Filmdə, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkiliblər.
Filmin yaradıcı heyətinin Rusiya tərəfini təmsil edən bir qrupu da təqdimatda iştirak edib.