...

Londonda azərbaycanlı skripkaçının albomunun təqdimat mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Mart 2014 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Martın 12-də Londonda yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova bolqarıstanlı gitara ustası Stanislav Xvarçilkov ilə birgə xüsusi konsert proqramı ilə çıxış edərək "Dreams" adlı albomunun təqdimat mərasimini keçirib.

Təxminən 120 musiqisevərin iştirakı ilə keçirilən konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sponsorluğu ilə təşkil olunub. Musiqili gecə həm də "TEAS təqdim edir" seriyasından olan mədəniyyət tədbirlərinin başlanğıcı idi.

Təqdimat mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva bildirib ki, bu qəbildən olan mədəniyyət tədbirləri çərçivəsində konsertlər, sərgilər və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır. O, qeyd edib ki, N.Rəşidova Azərbaycanın parlaq və gənc musiqiçilərindən biridir. Musiqiçi ailəsində böyümüş Nəzrinin Bakıda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ilk ifaları haqqında söz açan S.Rakçeyeva vurğulayıb ki, o zamandan bəri o, sürətlə inkişaf edərək qeyri-adi musiqiçiyə çevrilib. N.Rəşidova Böyük Britaniyada yeganə simli alətlərdən ibarət "FeMusa" qadın ansamblını təsis edib.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin klassik mahnılarına musiqiçilərin özlərinin aranjiman etdikləri musiqi parçaları səsləndirilib.

"Sarı Gəlin", "Bakı", "Azərbaycan" və albomun adı ilə də üst-üstə düşən "Arzular" (Dreams) mahnılarının ifası salondakı tamaşaçıları hərəkətə gətirib. Musiqiçilərin ifası gurultulu alqışlarla qarşılanıb, xüsusilə də uşaqlıqdan bu mahnıların sədaları altında böyümüş azərbaycanlı tamaşaçıları daha çox coşdurub.

"Dreams" albomunu onlayn əldə etmək istəyənlər üçün: http://bit.ly/nazrincd

Məqalədə:
Xəbər lenti

Xəbər lenti