...

Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq

Mədəniyyət Materials 14 Mart 2014 17:20 (UTC +04:00)
Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/

Novruz bayramı İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Məlumata görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Keçən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin (Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər. Dörd gün davam edəcək bayram festival günlərində Qoşa Qala Qapısı meydanında "Meydan bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarında" hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə "Muğam üçlüyü" çıxış edəcək.

Böyük Qala küçəsi, 19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində onun tələbələrinin yaradıcılıq sərgisi keçiriləcək. Eyni zamanda, bayram günlərində Kiçik Qala küçəsi, 13 ünvanında yerləşən "İncəsənət Qalası"nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqramı çərçivəsində "master-klass" təşkil olunacaq.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.

"Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını bayram günlərini bizimlə unudulmaz keçirməyə - möhtəşəm Novruz bayramı şənliklərində iştirak etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti