...

Mirzə Şəfi Vazehin Avropada mühafizə edilən əlyazmaları Gəncəyə gətirilib

Mədəniyyət Materials 21 Aprel 2014 20:37 (UTC +04:00)
M.Ş.Vazehin Avropada mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzudakı əlyazması Gəncəyə gətirilib.
Mirzə Şəfi Vazehin Avropada mühafizə edilən əlyazmaları Gəncəyə gətirilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Mirzə Şəfi Vazehin Avropada mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzudakı əlyazması Gəncəyə gətirilib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin birgə təşəbbüsü ilə M.Ş.Vazehin Avropanın mötəbər elm və mədəniyyət mərkəzlərində mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzudakı əlyazması, eləcə də ədibin şeir və şərqilərinə həsr edilən onlarla klassik musiqi əsərinin tarixi not nümunələri və yazıları Gəncəyə gətirilib.

Əlyazma və nəşrlər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən ölkəyə gətirilib. Adı Azərbaycanın dahi şairləri sırasında çəkilsə də, M.Ş.Vazeh haqqında Azərbyacan ədəbiyyatında məlumat olduqca azdır. Bu səbəbdən də tətqiqatçılar onun həyat və fəaliyyətini əsasən alman ədəbi mənbələrindən araşdırır.

AMEA-nın Gəncə Bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadə bildirib: "Buna görə də Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Almaniyada yaşayan həmyerlimiz Sevil xanım Fuksun axtarışları nəticəsində M.Ş.Vazehin Almaniyanın Berlin muzeyində saxlanılan əlyazmaları, elmi dildə desək, avtoqrafları ölkəmizə gətizdirilib".

Ölkəmizə gətirilən nümunələr arasında M.Ş.Vazeh barədə Almaniyada XIX əsrin sonları, XX əsrin əvvəllərində nəşr olunan monoqrafiyalar da var. Bundan başqa, M.Ş.Vazehin müəllifi olduğu şeirlərə bəstələnmiş musiqi əsərlərinin not yazılarının surətləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib. Hazırda AMEA-nın Gəncə Bölməsində mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən 11 adda monoqrafiya hazırlanır. Mirzə Şəfinin əsərlərinin Fridrix Bodenştedt tərəfindən oğurlanması məsələsinə gəldikdə isə S.Pişnamazzadə illərdir mövcud olan bu fikri əsassız sayır. Çünki əgər belə olsaydı, gəncəli mütəfəkkirin əsərləri Almaniyada M.Ş.Vazeh adı altında nəşr edilməz və sevilməzdi.

Bildirək ki, M.Ş.Vazehin həyat və yaradıcılığının tədqiq edilməsi və bu günədək bir çoxlarına məlum olmayan həqiqətlərin üzə çıxarılması yönündə işlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti