...

Kazanda "Turkvision" türkdilli ifaçıların II beynəlxalq televiziya müsabiqəsinin təqdimatı keçirilib

Mədəniyyət Materials 21 İyul 2014 16:41 (UTC +04:00)
Tatarıstan paytaxtında “Kazan” Milli Mədəniyyət Mərkəzində "Turkvision" türkdilli ifaçıların II beynəlxalq televiziya müsabiqəsinin təqdimatı keçirilib. Bu barədə Trend-ə layihənin təşkilatçılarının mətbuat xidmətindən bildirilib.
Kazanda "Turkvision" türkdilli ifaçıların II beynəlxalq televiziya müsabiqəsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Vüqar İmanov/

Tatarıstan paytaxtında "Kazan" Milli Mədəniyyət Mərkəzində "Turkvision" türkdilli ifaçıların II beynəlxalq televiziya müsabiqəsinin təqdimatı keçirilib. Bu barədə Trend-ə layihənin təşkilatçılarının mətbuat xidmətindən bildirilib.

Təntənəli tədbiri Tatarıstan Respublikasının mədəniyyət naziri Ayrat Sibaqatullin açıb: "Kazanın bu il türk dünyasının Mədəniyyət Mərkəzi adlandırılması Tatarıstan üçün çox əhəmiyyətlidir, çünki bundan başqa 2014-cü il Rusiyada "Mədəniyyət ili" elan edilib".

Nazir daha sonra Tatarıstan Respublikasının Baş naziri İldar Halikovun təbrik məktubunu oxuyub.

Daha sonra Tatarıstan Dövlət Şurasının deputatı, respublikanın xalq şairi Razil Valeyev çıxış edərək Rusiyanın bir sıra regionlarından və dünyanın müxtəlif ölkələrindən zala toplaşmış qonaqları təbrik edib. O, rəhbərlik etdiyi Tatarıstanın Dövlət Şurasının Mədəniyyət, elm, təhsil və milli məsələlər üzrə komitəsi üzvlərinin Kazanda "Turkvision" festivalının keçirilməsi ideyasını hansı entuziazmla qəbul etdiklərindən danışıb.

Mətbuat və kütləvi kommunikasiyalar üzrə Respublika Agentliyi rəhbərinin müavini Nuriya Belomoina deyib: "Müsabiqə təkcə incəsənət festivalı deyil. İnformasiya mübadiləsi aparmaqla biz hər şeydən əvvəl beynəlxalq əlaqələri inkişaf etdiririk, hər bir xalqın mədəniyyətini və incəsənətini populyarlaşdırırıq. Və bununla da, fikrimcə, ən başlıcası, ümumi köklərlə bir-birinə bağlı olan müxtəlif xalqları, müxtəlif millətlərdən olan insanları birləşdiririk".

Həmkarları qarşısında TMV TV telekanalının təsisçisi Samir Qurbanov da çıxış edib. O, telekanal və "Turkvision" festivalının yaranması tarixi haqqında danışıb.

Daha sonra festivalın əsas təşkilatçıları olan və gələcəkdə yerlərdə seçim turları keçirəcək və birbaşa efirdə müsabiqəni yayımlayacaq TMB TV telekanalı ilə milli və regional telekanallar arasında sazişin imzalanmasına başlanıb.

Tatarıstan tərəfdən sazişi "Maydan" musiqi telekanalının direktoru Damir Davletşin imzalayıb. Daha sonra isə Azərbaycan, Qırğızıstan, Başqırdıstan, İraq, Kazaxıstan, Kipr, Krım, Moldova, Türkiyə, Hakasiya, Qaraçay-Çərkəz, Rusiya Federasiyasının nümayəndələri də sazişi imzalayıblar.

Təqdimat şam yeməyi ilə başa çatıb.

"Turkvision" 2014 türk dünyası mahnıları müsabiqəsi Kazanda keçiriləcək "Turkvision" mahnı müsabiqəsinin ikinci buraxılışıdır. Ötən il olduğu kimi, builki müsabiqədə də əhalisi əsasən türklərdən ibarət olan, yaxud türk dilinin geniş yayıldığı 20-yə yaxın ölkə və region iştirak edəcək.

Müsabiqə müvafiq olaraq 2014-cü il noyabrın 19-da və 21-də keçiriləcək bir yarımfinal və finaldan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti