...

Müharibə illərində Dağlıq Qarabağ... (FOTO)

Mədəniyyət Materials 16 Oktyabr 2014 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov VII Daşkənd Beynəlxalq Biennalesinin qalibi olub.

Trend AzərTAc-a istinadən xəbər verir ki, İlqar Cəfərov "Qəlbin harayı və ya itirilmiş uşaqlıq" silsilə fotoşəkillərinə görə "Ən yaxşı sənədli fotoşəkil silsiləsi" nominasiyasında qızıl medala layiq görülüb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesinə təqdim olunan 10 fotoşəklin hamısı müharibə illərində Dağlıq Qarabağ zonasında çəkilib. Bu fotoşəkillərdə erməni işğalçıları ilə hərbi münaqişəyə cəlb olunan Azərbaycan xalqının ağrı-acısı əksini tapıb, təcavüzkar Ermənistanın əsassız ərazi iddialarının qurbanlarına çevrilən qadınlar və uşaqlar təsvir olunub.

Qeyd edək ki, Azərbaycanın daha bir neçə nümayəndəsi beynəlxalq biennalenin qalibi olub. Rusiyalı Məsut Fatkulinin sədrlik etdiyi, İspaniya, Özbəkistan, Almaniya, İngiltərə, Fransa nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti "Ən yaxşı sənədli fotoqrafiya" nominasiyasında birinci yerə Azərbaycandan olan fotoqraf Zemfira Mahmudovanı layiq görüb. Bu nominasiyada üçüncü yeri də Azərbaycan təmsilçisi Arzu Mürvətova tutub.

Birinci yerlərin sahibləri qızıl medal və diplom, üçüncü yerin sahibi isə bürünc medal və diplom ilə mükafatlandırılıb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesi Özbəkistanın bir sıra nazirlik və idarələrinin dəstəyi ilə bu ölkənin Rəssamlar İttifaqı tərəfindən təşkil edilib. Bu il "Paralellər. İllüziya və reallıq" adı altında keçirilən müsabiqəyə dünyanın 32 ölkəsindən fotoqraflar öz yüksək bədii keyfiyyətli fotoşəkillərinin ən yaxşı nümunələrini təqdim ediblər.

Səkkiz meydançada keçirilən fotobiennaledə tamaşaçılar həm xarici, həm də yerli fotoobyektiv ustalarının ekspozisiyası ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti