Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Noyabrın 24-də "ÜNS" Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib.
Trend AzərTAc-a istinadən xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən gənc istedadlı musiqiçi Allahyar Vəzirov H.Rzayevin sonuncu tələbələrindən olduğunu bildirib. Diqqətə çatdırıb ki, H.Rzayev çox sadə, təmkinli, incə qəlbli bir insan olub. Onun şərəfli ömür və sənət yolu bizim üçün örnəkdir.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə H.Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrdən danışıb: "Elə insanlar var ki, onlar öz təvazökarlıqları ilə həmişə seçilirlər. Buna baxmayaraq, onların musiqi həyatımızda buraxdıqları iz böyük olur. Biz onları tədricən tanıyıb dərk edirik. Xatirə gecəsinə toplaşdığımız Həsən Rzayev də belə insanlardandır".
Qeyd olunub ki, H.Rzayev 1928-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Onun atası Hüseyn Rzayev teatr rejissoru, anası parlaq opera sənətkarı, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında məşhur "Ərəbzəngi" partiyasının ilk ifaçısı olan SSRİ xalq artisti Həqiqət Rzayeva idi. H.Rzayevin qardaşı isə tanınmış bəstəkar, skripkaçı, xalq artisti, professor Azər Rzayevdir. Musiqiyə həmişə bu ailədə böyük maraq olub. Ailənin uşaqları da səhnəyə çox kiçik yaşlarında çıxıblar. H.Rzayev "Leyli və Məcnun" operasında mədrəsə səhnəsində kiçik uşaq ikən rol alıb.
Vurğulanıb ki, H.Rzayevin həyatı doğrudan da fədakar bir musiqiçinin həyatıdır. O, 1953-cü ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bəstəkarlıq və zərb alətləri ifaçılığı ixtisasları üzrə bitirib və burada pedaqoji fəaliyyətə başlayıb. Onun fakültəyə rəhbərlik etdiyi dövr bu tədris ocağının tarixində parlaq illərdəndir. H.Rzayev Azərbaycanda hələ çox az tanınan zərb alətlərini dinləyiciyə tanıdıb. Parlaq ifaçı olan H.Rzayev, eyni zamanda, zərb alətlərinin repertuarında qıtlığı hiss edərək gözəl əsərlər yaradıb.
Onun bəstəkarlıq yaradıcılığı "Babək" simfoniyası, "Uzaq sahillərdə" simfonik-poeması, truba və simfonik orkestr üçün konsert, "Çahargah" rapsodiyası, estrada-simfonik orkestr üçün əsərlər, musiqili komediya, həmçinin dram tamaşalarına bəstələnən musiqilər də daxil olmaqla, demək olar ki, bütün janrları əhatə edir. Ən məşhur əsəri isə bu gün də sevilə-sevilə dinlənilən "Çahargah"dır.
H.Rzayev 2000-ci ildə bizi tərk etsə də, xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Bu gün onun işini tələbələri davam etdirirlər.
Xatirə gecəsində H.Rzayevin zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çikaqoda təcrübə keçmiş A.Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış edib.
A.Vəzirovun ifasında H.Rzayevin əsərləri ilə yanaşı onun müəlliminə həsr etdiyi musiqi alqışlarla qarşılanıb.
Sonda çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış əslində planlaşdırılmamışdı: "Məsələ burasındadır ki, Həsən Rzayevin oğlu - teatrımızın fəaliyyətə başladığı vaxtdan sizin yaxşı tanıdığınız Atəş Rzayev teatr yaranandan bizimlə birgə təmənnasız, heç bir mükafat, heç nə tələb etmədən çalışır. Sadəcə işləmək istədiyinə görə çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayırsa, o da yaşayacaq. Şagirdi yaşayırsa, o da yaşayacaq. Oğlu yaşayırsa, deməli, hər şey davam edəcək".
Daha sonra bəstəkarın oğlu A.Rzayev tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.