...

İçərişəhərdə Beynəlxalq Novruz Festivalı (FOTO)

Mədəniyyət Materials 20 Mart 2015 16:54 (UTC +04:00)
Bu gün İçərişəhərdə II Beynəlxalq Novruz Festivalının keçirilir.
İçərişəhərdə Beynəlxalq Novruz Festivalı (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir Zaur Mustafayev/

İçərişəhərdə II Beynəlxalq Novruz Festivalı keçirilir.

Trend-in məlumatına görə, martın 23-dək - 4 davam edəcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Əfqanıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edirlər.

Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

Festival çərçivəsində hər gün Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.

İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti